ABŞ Senatı Trampın İrana qarşı müharibəni dayandırmasını tələb edən qətnaməni təsdiqlədi
ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatları dayandırmasını və ya onların davam etdirilməsi üçün Konqresin razılığını almasını nəzərdə tutan qətnaməni təsdiqləyib.
InterPress.ge xəbər verir ki, qətnamədə prezidentə İran əleyhinə aparılan hərbi əməliyyatlardan ABŞ Silahlı Qüvvələrini çıxarmaq tapşırılır. Sənəddə qeyd olunur ki, bunun istisnası yalnız rəsmi müharibə elan edilməsi və ya Konqres tərəfindən İrana qarşı hərbi gücdən istifadəyə xüsusi icazə verilməsi halında mümkündür.
BBC-nin məlumatına görə, sənəd Senatda 50 lehinə, 48 əleyhinə səslə qəbul olunub. Qətnaməni demokratlarla yanaşı dörd respublikaçı senator – Rend Pol, Liza Murkovski, Syuzan Kollinz və Bill Kassidi dəstəkləyib. Demokrat senator Con Fetterman isə partiyasından sənədin əleyhinə səs verən yeganə senator olub.
Qeyd olunur ki, eyni qətnamə bu ayın əvvəlində ABŞ Nümayəndələr Palatası tərəfindən də qəbul edilib.
BBC yazır ki, sənəd əsasən simvolik xarakter daşıyır. Belə ki, Konqresin hər iki palatası tərəfindən qəbul edilməsinə baxmayaraq, qətnamə imzalanmaq üçün Donald Trampa göndərilməyəcək və hüquqi qüvvəyə malik olmayacaq.
Məlumata görə, Senat indiyədək müharibə səlahiyyətləri ilə bağlı qətnaməni doqquz dəfə səsverməyə çıxarıb, lakin əvvəlki hallarda onun qəbul edilməsi üçün kifayət qədər səs toplanmayıb.
Donald Tramp isə qətnaməni sərt tənqid edərək onu mənasız adlandırıb.
“Beləliklə, İranı artıq küncə sıxışdırmışdım və onun məğlubiyyətinə çox az qalmışdı. Məhz həmin vaxt ABŞ Senatı müharibə səlahiyyətləri haqqında aktla bağlı tamamilə yersiz və vaxtsız səsvermə keçirməyə qərar verdi. Bu senatorlar işimi daha da çətinləşdirdilər, amma mən yenə də məqsədimə çatacağam, çünki həmişə buna nail oluram”, – deyə Tramp Truth Social platformasında yazıb.


