DİN-dən açıqlama - Bunlarla bağlı qanun dəyişikliyi hazırlanıb
Gürcüstan Daxili İşlər Nazirliyi akustik (səs-küylü) silahların, elektroşok cihazlarının və qaz aerozol qurğularının (bibər qazı) dövriyyəsinin tənzimlənməsi ilə bağlı qanunvericilik dəyişikliklərini hazırlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi vməlumat verib.
Nazirliyin məlumatına görə, sənəd artıq parlamentə təqdim edilib. Dəyişikliklərin məqsədi ictimai təhlükəsizliyin və hüquq qaydasının daha effektiv qorunması, eləcə də cinayətlərin qarşısının alınmasıdır.
Təklif olunan dəyişikliklərə görə:
-
Səs-küylü (akustik) silahlar – yalnız boş patron atmaq üçün nəzərdə tutulan və teatr tamaşalarında, kino və televiziya çəkilişlərində, tarixi rekonstruksiyalarda, paradlarda və idman tədbirlərində istifadə olunan bu tip silahların ölkəyə gətirilməsi xüsusi icazə ilə mümkün olacaq.
-
Vətəndaşların səs-küylü silah almasından ötrü DİN-in ərazi orqanının yazılı razılığı (arayış) tələb ediləcək.
-
Səs-küylü silahların daşınması və göndərilməsi yalnız polis tərəfindən verilən icazə ilə mümkün olacaq.
-
Polisə səs-küylü silahların sayına və alınma tezliyinə məhdudiyyət qoymaq səlahiyyəti veriləcək.
-
Qaz aerozol qurğularının (bibər qazı) idxalı icazəyə bağlı olacaq; onu almaq üçün vətəndaşın yaşı ən azı 18 olmalı və DİN-in yazılı razılığı təqdim edilməlidir.
-
Elektroşok cihazları mülki dövriyyədən tamamilə çıxarılacaq. Onların gətirilməsi və istifadəsi yalnız dövlət qurumlarına və xüsusi mühafizə şirkətlərinə icazə veriləcək.
Nazirliyin məlumatına görə, dəyişikliklər təhlükəsizlik səviyyəsinin artırılmasına, eyni zamanda xüsusi risk daşıyan cihazların nəzarətsiz istifadəsinin qarşısının alınmasına yönəlib.


