AŞPA Nazirlər Komitəsinin iclasında “Gürcüstandakı münaqişə” üzrə 32-ci konsolidə edilmiş hesabat müzakirə edilib
Avropa Şurası Nazirlər Komitəsi sədr müavinlərinin 18 noyabr tarixli 1543-cü iclasında təşkilatın Baş katibinin “Gürcüstandakı münaqişə” mövzusunda hazırlanmış 32-ci konsolidə edilmiş hesabatı müzakirə olunub. İclasda Gürcüstanı xarici işlər nazirinin müavini Laşa Darsaliya təmsil edib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.
Nazirliyin açıqlamasına görə, Baş katibin hesabatı Rusiya tərəfindən işğal olunmuş Gürcüstan bölgələrində və işğal xətti boyunca təhlükəsizlik, insan hüquqları və humanitar vəziyyətin ağır dinamikasını təsvir edir. Sənəd ildə iki dəfə hazırlanır və bu dəfə hesabat 2025-ci ilin aprel–sentyabr aylarını əhatə edir.
Hesabatı Avropa Şurasının baş katibi Alan Bers təqdim edib. O, Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini ifadə edib və qurumun mandatı çərçivəsində bu mövzuda fəaliyyətini davam etdirəcəyini bildirib.
İclasda çıxış edən nazir müavini Laşa Darsaliya:
• Baş katibə və Nazirlər Komitəsinə hesabatın qəbuluna görə təşəkkür edib;
• Müzakirə olunan məsələnin Avropa Şurasının gündəmində aktuallığını vurğulayıb;
• Hesabat dövründə Rusiya tərəfindən 2008-ci il 12 avqust atəşkəs sazişinin pozulması və işğal olunmuş ərazilərdə effektiv nəzarətin gücləndirilməsi barədə məlumat verib;
• Okiupasiya xəttində vəziyyətin ağırlaşması, hüquq pozuntuları, humanitar problemlər və qeyri-qanuni hərəkətlərlə bağlı narahatlığını bildirib;
• Məcburi köçkün və qaçqınların öz evlərinə qayıtmasının vacibliyini önə çəkib;
• Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına diqqət çəkib və həmin qərarların icrasının əhəmiyyətini vurğulayıb;
• Cenevrə beynəlxalq danışıqlarının 65-ci raunduna toxunaraq Gürcüstan hökumətinin münaqişənin dinc həlli siyasətinə sadiqliyini bir daha təsdiqləyib.
Gürcüstan Xarici İşlər Nazirliyi Avropa Şurasının 32-ci konsolidə edilmiş hesabatının qəbulunu alqışlayır və məsələnin qurumun siyasi gündəmində mütəmadi müzakirə olunmasının vacibliyini qeyd edir.


