Beş xarici işçi torpaq sürüşməsi altında qaldı – dörd nəfər ölüb, biri xəstəxanaya yerləşdirilib
Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, Qveşeti–Kobi yolunun tikintisi zamanı, Zqeres kəndi yaxınlığında dayaqlayıcı divarın inşası prosesində torpaq kütləsinin çökməsi baş verib. Hadisə nəticəsində tikinti şirkətində çalışan beş nəfər – Türkmənistan və Çin vətəndaşları – torpaq kütləsinin altında qalıb.
Departamentin rəsmi məlumatına əsasən, dörd işçinin meyiti tapılıb, bir nəfər isə xəstəxanaya çatdırılıb.
“Hadisə yerinə Fövqəladə Halların İdarə olunması Xidmətinin qrupları və Avtomobil Yolları Departamentinin nümayəndələri cəlb olunub. Faktla bağlı istintaq başlanıb.
Departament podratçı şirkətdən təhlükəsizlik qaydalarına maksimum nəzarətin gücləndirilməsini və iş prosesində bütün normativlərin ciddi şəkildə qorunmasını tələb edir.
Avtomobil Yolları Departamenti həlak olanların ailələrinə başsağlığı verir”, – məlumatda qeyd olunur.


