Gürcüstanın Fövqəladə Hallar Xidməti əhaliyə xəbərdarlıq edib
Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Xidməti meşə və mədəni torpaq sahələrində yanğınların qarşısının alınması məqsədilə vətəndaşlara müraciət edərək, təbiətdə hərəkət zamanı yüksək məsuliyyət göstərməyə çağırıb.
InterPress.ge xəbər verir ki, bu barədə Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Qurumun məlumatına görə, gələn həftə ərzində yağışsız hava şəraiti davam edəcək, meşə və ot örtüyü isə tamamilə quruyub. Bu isə meşə və sahə yanğınları riskini artırır.
“Xahiş edirik, kənd təsərrüfatı sahələrində, meşə və ya açıq sahə yaxınlığında ocaq yandırmayın və yandırılmış ocaqları nəzarətsiz qoymayın. Qaydalara əməl olunmaması halında qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.
Tüstü və ya yanğın müşahidə etdiyiniz halda dərhal 112 – İctimai Təhlükəsizlik Mərkəzinə zəng edin”, – məlumatda qeyd olunur.


