Gürcüstanın bir neçə regionunda meşə yanğınlarının ocaqları müşahidə olunur
Milli Meşə Agentliyinin məlumatına görə, Kvemo Kartli, Mtsxeta-Mtianeti, Raça-Leçxumi–Kvemo Svaneti, İmereti və Samtsxe–Cavaxeti bölgələrində meşə yanğınlarının bir neçə ocağı qeydə alınıb.
Qurumun bildirdiyinə görə, yanğın ocaqlarının böyük hissəsi artıq lokallaşdırılıb və söndürmə işləri davam etdirilir.
Milli Meşə Agentliyi vətəndaşlara müraciət edərək, meşə ərazilərində hərəkət zamanı yüksək ehtiyatlılıq göstərməyə çağırır.
“Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Meşə Agentliyi əhalini meşədə hərəkət edərkən xüsusi diqqətli olmağa çağırır. Statistika göstərir ki, meşə yanğınlarının əsas səbəbi insanların ehtiyatsız davranışıdır.
Kvemo Kartli, Mtsxeta-Mtianeti, Raça-Leçxumi–Kvemo Svaneti, İmereti və Samtsxe–Cavaxeti regionlarında meşə yanğınlarının bir neçə ocağı aşkarlanıb. Yanğın meşə örtüyünün aşağı qatına – kol və quru otlara yayılıb. Ocaqların demək olar ki, hamısı lokallaşdırılıb və söndürmə işləri aktiv şəkildə davam edir. Fövqəladə Hallar Xidməti ilə yanaşı, prosesə Milli Meşə Agentliyi və Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamentinin əməkdaşları da cəlb olunublar.
Qeyd edilir ki, Gürcüstan İnzibati Xətalar Məcəlləsinə əsasən, meşələrdə yanğın təhlükəsizliyi qaydalarının pozulması, nəticədə yanğın baş verməsi və ya müəyyən ərazidə yayılması, eləcə də meşənin zərər görməsi və ya məhv edilməsi cərimə ilə nəticələnir.
Qanun pozuntularının qarşısının alınması, aşkarlanması və profilaktikası məqsədilə ölkə üzrə 24 saatlıq fasiləsiz patrul xidməti həyata keçirilir və Nazirliyin qaynar xətti – 153 vasitəsilə daxil olan bütün çağırışlara dərhal reaksiya göstərilir,” – deyə qurumun açıqlamasında qeyd olunur.


