01 
Dek
2025
14:35
239

Gürcüstan hökuməti Kutaisi və Rustavidə müasir standartlara uyğun universitet şəhərcikləri tikəcək

Gürcüstan hökuməti Kutaisi və Rustavi şəhərlərində yeni, müasir standartlara cavab verən böyük universitet şəhərciklərinin tikintisinə qərar verib.

InterPress.ge xəbər veri ki, bu barədə məlumatı İnfrastruktur Nazirliyi yayıb.

Nazirliyin açıqlamasına görə, universitet şəhərciklərinin inşası ilə bağlı bütün hazırlıq və icra tədbirləri Gürcüstan Bələdiyyə İnkişaf Fonduna həvalə olunub. Fond detallı layihə-smeta sənədlərinin hazırlanmasını, tikinti və nəzarət xidmətlərinin satın alınmasını təmin edəcək.

Məlumatda qeyd olunur ki, layihənin həyata keçirilməsi nəticəsində ölkədə regionlar üzrə paylanmış vahid, müasir ali təhsil sistemi formalaşacaq. Yeni kampuslar tələbələrə beynəlxalq standartlara uyğun təhsil, elmi-tədqiqat imkanları və tamhüquqlu tələbə həyatı təqdim edəcək.

Planlaşdırılan universitet şəhərcikləri Kutaisidə əlavə 20 min, Rustavidə isə 40 min tələbənin yerləşdirilməsinə imkan verəcək.

Layihənin icrası üçün nəzərdə tutulan ilkin dəyər 800 milyon lari, universitet şəhərciklərinin yerləşəcəyi ərazilərdə daşınmaz əmlakın qiymətləndirilməsi və satın alınması üçün tələb olunan məbləğ isə təxminən 210 milyon lari təşkil edir.

İnfrastruktur işləri – layihələndirmə, tikinti və nəzarət – 2026–2032-ci illər arasında həyata keçiriləcək.

Nazirliyin məlumatında deyilir:

“Yeni universitet şəhərcikləri on minlərlə tələbə üçün yüksək keyfiyyətli, müasir təhsil və yaşayış mühiti yaradacaq və regionların inkişaf potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək.”

Bizimlə əlaqə saxlayın