04 
Dek
2025
15:29
264

Təhsil naziri : “11 və 12-ci sinif attestatlarının hüquqi qüvvəsi eyni olacaq”

"Ölkədə həm 11-ci sinfin, həm də 12-ci sinfin bitirilməsini təsdiqləyən attestatlar olacaq, lakin onların hüquqi qüvvəsi eyni olacaq."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər Naziri Givi Mikanadze bildirib.

Nazir bildirib ki, 12 illik attestat şagirdə xaricdə bakalavr səviyyəsində təhsilini davam etdirmək üçün əsas verəcək."

Mikanadzenin açıqlamasına görə, tədris müddəti həm dövlət, həm də özəl məktəblərdə 11 illik olacaq, lakin özəl məktəblərdə 12 illik təhsil vermək imkanı tam şəkildə saxlanılacaq.

“11 illik təhsil hər bir yeniyetməyə tamhüquqlu ümumi təhsil verir, ona görə də məktəbdə artıq müddətə ehtiyac olmadığını düşünürük. Lakin 12-ci ildə də oxumaq istəyənlər üçün xüsusi sistem yaradacağıq: hər ilin martında açıq qeydiyyat platforması elan ediləcək. 11-ci sinfi bitirən şagird qeydiyyatdan keçəcək, ünvanını və oxuduğu məktəbi göstərəcək, 11-ci sinif attestatını alacaq və bu qeydiyyat əsasında 12-ci sinifdə oxuya biləcək.”-nazir deyib.

Onun sözlərinə görə, Gürcüstanın real şəraitində 11-ci və 12-ci sinif attestatlarının hüquqi qüvvəsi eyni olacaq. Bununla belə, 12-ci sinif attestatı əsasən xaricdə təhsil almaq istəyənlər üçün əlavə üstünlük kimi nəzərdə tutulub.

Mikanadze bildirib ki, bu proses əsasən dövlət məktəblərinə aiddir, lakin özəl məktəblər üçün də eyni prinsip qüvvədə olacaq. Şagirdlərin sayına və onların yaşayış ünvanlarına uyğun olaraq ölkənin istənilən şəhər və bələdiyyəsində 12-ci sinif açılacaq.

Nazir əlavə edib ki, 11-ci sinfi bitirən şagird tamhüquqlu attestat alacaq və milli imtahanlarda iştirak edib bakalavr pilləsinə qəbul ola biləcək. Eyni zamanda, 12-ci ildə təhsil almaq istəyən hər kəsə belə bir imkan veriləcək.

“İstər 11 illik, istər 12 illik məktəb təhsili olsun, bu, heç bir halda Boloniya prosesinə zidd deyil.”-o, vurğulayıb.

Bizimlə əlaqə saxlayın