Azərbaycan Zəngəzur dəhlizinin Ermənistan sərhədinə düşən hissəsində tikintiyə başlayıb
Azərbaycan Ermənistanla sərhəddə, Zəngəzur dəhlizinin Ordubad bölgəsinə düşən hissəsində tikinti işlərinə start verib.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Azərbaycan mediası yayıb.
“Azərbaycan Dəmir Yolları”nın məlumatına görə, Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun bərpası və modernizasiyası üzrə layihələndirmə mərhələsi tamamlanıb və Azərbaycan–Ermənistan sərhədində Zəngəzur dəhlizinin tikintisi artıq başlayıb.
Bildirilir ki, müasir standartlara uyğun yeni dəmir yolu şəbəkəsinin yaradılmasından sonra xəttin illik buraxılış qabiliyyəti 15 milyon ton olacaq.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderlərinin imzaladığı birgə bəyannaməyə əsasən, Ermənistan ABŞ-a öz qanunvericiliyi çərçivəsində 99 illik eksklüziv uzunmüddətli hüquq verir. Bu hüquq Azərbaycanla Naxçıvan arasında quru əlaqəsinin yaradılacağı marşrutun inkişafına aiddir.
ABŞ tərəfi torpağı uzunmüddətli icarə əsasında konsorsiuma verməyi planlaşdırır. Konsorsium isə marşrutun infrastrukturuna və idarəçiliyinə cavabdeh olacaq.
Zəngəzur dəhlizi, yaxud “Tramp marşrutu” adlanan bu xətt ümumilikdə 42 km uzunluğunda olacaq və Cənubi Ermənistanın Sünik bölgəsindən keçəcək. Layihənin əsas məqsədi Azərbaycan ilə onun anklavı olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin açılmasıdır.
Bununla yanaşı, Ermənistan öz ərazisi üzərində suverenliyini qoruyacaq, lakin marşrutun idarəçiliyi uyğun lisenziyaya malik amerikalı şirkət tərəfindən həyata keçiriləcək.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, “Tramp marşrutu”nun tikintisinin 2030-cu ildə başa çatdırılması planlaşdırılır. O vurğulayıb ki, Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətinin artırılmasına əhəmiyyətli töhfə verəcək.


