18 
Dek
2025
11:51
326

Daxili İşlər Nazirliyi sürücülük vəsiqələri ilə bağlı məlumat yaydı

Gürcüstan Daxili İşlər Nazirliyi müxtəlif hüquqi əsaslarla dayandırılmış sürücülük vəsiqələrinin bərpası ilə bağlı elan edilmiş amnistiya barədə ictimaiyyətə məlumat verib.

InterPress.ge DİN-ə istinadən xəbər veri ki,, hazırda təxminən 35 min 500 nəfərin sürücülük vəsiqəsi dayandırılmış vəziyyətdədir.

Bildirilib ki, Gürcüstanın Baş nazirinin təşəbbüsü ilə Parlament tərəfindən qanun layihələri hazırlanıb və bu layihələrə əsasən sürücülük vəsiqələrinin bərpası ilə bağlı genişmiqyaslı amnistiya elan olunub. Qərara əsasən, 2025-ci il 16 dekabr tarixinədək yol-nəqliyyat hadisəsi yerini tərk etdiyinə, alkoqollu vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyinə, narkotik maddə qəbul etdiyinə və ya sürücülük vəsiqəsi üzrə bal limitini doldurduğuna görə sürücülük hüququ dayandırılmış şəxslər bu hüquqi güzəştdən yararlana biləcəklər.

Nazirlik sürücülük hüququnun bərpası prosedurlarına da aydınlıq gətirib. Məlumata görə, 2025-ci il 16 dekabr tarixinədək sürücülük vəsiqəsi üzrə bal limitinin tükənməsi səbəbindən nəqliyyat vasitəsi idarəetmə hüququ dayandırılmış təxminən 780 nəfərin sürücülük hüququ 2026-cı il yanvarın 1-dən avtomatik olaraq bərpa ediləcək və onların sürücülük vəsiqəsinə yenidən 100 bal veriləcək.

Eyni zamanda, narkotik maddə istifadəsinə görə sürücülük hüququ dayandırılmış təxminən 3 min 500 nəfərə bu hüquq avtomatik şəkildə qaytarılmayacaq. Bu kateqoriyaya aid şəxslər sürücülük hüququnun bərpası üçün dövlət ekspertiza müəssisəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertiza, yəni dinamik-narkoloji müayinənin rəyini təqdim etməli və qanunvericiliklə müəyyən olunmuş tələbləri yerinə yetirməlidirlər.

Nazirliyin açıqlamasında qeyd olunur ki, cərimələrin ödənilməməsi səbəbindən hazırda təxminən 11 min nəfərin sürücülük hüququ dayandırılıb və bu şəxslərin hüquqları yalnız cəriməni ödədikdən sonra bərpa olunacaq. Alkoqollu vəziyyətdə avtomobil idarə etdiyinə və ya yol-nəqliyyat hadisəsi yerini tərk etdiyinə görə sürücülük hüququ dayandırılmış təxminən 20 min nəfərlə bağlı isə Daxili İşlər Nazirliyi 2026-cı il fevralın 1-dək hər bir şəxsin inzibati məsuliyyətdən azad olunması barədə məlumatı öz rəsmi internet saytında dərc edəcək. Həmin məlumatın dərc edilməsi sürücülük hüququnun bərpa edildiyini təsdiqləyəcək.

Açıqlamada bildirilir ki, amnistiya Cinayət Məcəlləsinin 260-cı maddəsinin birinci hissəsi və 273-cü maddəsi ilə nəzərdə tutulan narkotik cinayətlərə də şamil olunacaq. Bu kateqoriyaya aid şəxslər sürücülük hüququnun bərpası üçün Gürcüstan Ədliyyə Nazirliyinin Probasiya üzrə Milli Agentliyinin müvafiq daimi komissiyasına müraciət etməlidirlər.

İnzibati Xətalar Məcəlləsinin 45-ci, 451-ci və 1152-ci maddələri ilə nəzərdə tutulan hüquq pozuntularına görə sürücülük hüququ dayandırılmış şəxslər isə bərpa üçün Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinə müraciət etməlidirlər. Narkotik istifadəçiləri üçün sürücülük hüququnun bərpası yalnız məhkəmə-tibbi ekspertiza rəyinin təqdim edilməsi və qanuni tələblərin yerinə yetirilməsi şərti ilə mümkün olacaq.

Nazirlik vurğulayıb ki, amnistiya külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması və ya satışı ilə bağlı sürücülük hüququnun ləğv edildiyi hallara, eləcə də Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə, yəni nəqliyyatın hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması ilə bağlı hallara şamil edilmir.

Bundan əlavə, təqdim olunan qanun layihəsi inzibati xətaya yol verən şəxslərə sürücülük hüququnu vaxtından əvvəl bərpa etmək imkanı verən normaların ləğvini də nəzərdə tutur. Bu isə eyni hüquq pozuntularının təkrar törədilməsi halında daha sərt qanunvericilik tədbirlərinin tətbiq ediləcəyini göstərir.

Bizimlə əlaqə saxlayın