Marneulidə mobil telefon mağazasından oğurluq edən azyaşlı saxlanıldı - VİDEO
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis İdarəsinin əməkdaşları qabaqcadan əlbir olan qrup tərəfindən oğurluq etməkdə təqsirləndirilən, 2008-ci il təvəllüdlü, əvvəllər də dəfələrlə məsuliyyətə cəlb olunmuş N.İ.-ni saxlayıb, onun 2009-cu il təvəllüdlü qardaşı N.İ. isə ifşa edilib.
InterPress.ge xəbər veri ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər cari ilin 14 dekabr tarixində gecə saatlarında Marneuli şəhərində yerləşən mobil telefon mağazasına qanunsuz daxil olaraq oradan səkkiz ədəd bahalı mobil telefonu oğurlayıblar.
Araşdırma zamanı həmçinin məlum olub ki, oğurlanmış telefonların bir hissəsi kənd sakinlərinə satılıb, digər hissəsi isə müxtəlif mağazalara təhvil verilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dörd ədəd oğurlanmış mobil telefon maddi sübut kimi götürülüb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin ikinci hissəsinin “a” və “b”, eləcə də üçüncü hissəsinin “a” bəndləri üzrə aparılır. Həmin maddələr yeddi ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


