Mark Rutte: Müharibənin bu günə qədər davam etməsinin səbəbi Vladimir Putindir
Müharibənin bu günə qədər davam etməsinin əsas səbəbi Rusiya Prezidenti Vladimir Putindir.
InterPress.ge xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Bild nəşrinə müsahibəsində bildirib.
Ukraynada müharibənin niyə bu qədər çətin başa çatması ilə bağlı suala cavab verən Mark Rutte “səbəb Putindir” deyə vurğulayıb.
Onun sözlərinə görə, Putin öz xalqından 1,1 milyon insanı qurban verməyə hazırdır. Rutte qeyd edib ki, bu il Rusiya çox cüzi irəliləyiş əldə edib və minimal əraziləri nəzarətə götürüb. Bildirilib ki, ilin əvvəlindən etibarən Rusiya Ukrayna ərazisinin 1 faizindən də az hissəsini işğal edib. NATO-nun qiymətləndirməsinə əsasən, Rusiya tərəfində 1,1 milyon nəfər ya həlak olub, ya da yaralanıb. Mark Rutte bunu dəhşətli statistika adlandırıb.
NATO-nun baş katibi təhlükəsizlik zəmanətlərinin məqsədinin Ukraynaya bir daha hücumun qarşısını almaq olduğunu da bildirib. Onun sözlərinə görə, Putin anlamalıdır ki, növbəti hücum onun üçün dağıdıcı nəticələr doğuracaq.
Mark Rutte təhlükəsizlik zəmanətlərinin üç səviyyədən ibarət olduğunu qeyd edib. Birinci səviyyə Ukraynanın silahlı qüvvələridir ki, müharibədən sonra ölkəni müdafiə edə bilməlidir. İkinci səviyyə “istəklilər koalisiyası”dır və bu koalisiya gələcəkdə Putinin belə bir addımı yenidən atmasına imkan verməməlidir. Üçüncü səviyyə isə ABŞ-dir. Rutte hazırda bu üç elementi bir araya gətirmək üçün işlədiklərini vurğulayıb.


