01 
Okt
2026
11:59
62

2027-ci ildə dövlət sektorunda maaşlar artırılacaq - Prezident və baş nazirin illik əməkhaqqı 208 200 lari olacaq

2027-ci ilin dövlət büdcəsi layihəsinin ilkin variantına əsasən, gələn ildən dövlət sektorunda baza vəzifə maaşı artırılaraq 1 735 lari olacaq.

InterPress.ge xəbər verir ki, bunun nəticəsində dövlət sektorunda çalışan şəxslərin əməkhaqları 8,4%-dək, əməkhaqqı fondu isə 395 milyon lari artacaq.

Vəzifə maaşlarının artırılması dövlət-siyasi vəzifə sahiblərinin əməkhaqlarının da avtomatik yüksəlməsinə səbəb olacaq. Çünki onların maaşları dövlət qulluğunda baza əməkhaqqına və qanunla müəyyən edilmiş əmsala əsasən hesablanır.

Beləliklə, 2027-ci ildə Gürcüstan prezidentinin aylıq maaşı 17 350 lari olacaq. Bu məbləğ baza maaşının 10 əmsalına vurulması ilə hesablanır və illik 208 200 lari təşkil edir.

Eyni düstura əsasən, Baş nazir və parlament sədrinin də aylıq əməkhaqqı 17 350 lari, illik əməkhaqqı isə 208 200 lari olacaq.

Nazirlərin əməkhaqqının hesablanmasında isə əmsal fərqlidir və 8,5 təşkil edir. Nəticədə nazirlərin aylıq maaşı 14 747,5 lari, illik maaşı isə 176 970 lari olacaq.

Büdcə layihəsinin ilkin variantında nəzərdə tutulan eyni düstura əsasən, parlament üzvünün aylıq maaşı 13 880 lari, illik əməkhaqqı isə 166 560 lari təşkil edəcək.

Bizimlə əlaqə saxlayın