Gürcüstanda qanunsuz fəaliyyət göstərən 15 valyuta dəyişmə məntəqəsi aşkarlanıb
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Acarıstan, Sameqrelo və Şida Kartli bölgələrində qanunsuz fəaliyyət göstərən 15 valyuta dəyişmə məntəqəsi aşkarlayıblar.
InterPress.ge xəbər verir ki, Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, aparılan araşdırma nəticəsində sözügedən məntəqələrin Gürcüstan Milli Bankının müvafiq icazəsi olmadan və qanunvericiliklə müəyyən edilmiş tələbləri pozaraq fəaliyyət göstərdiyi müəyyən edilib.
“Məhkəmə qərarı əsasında 15 ünvanda axtarış aparılıb. Axtarışlar zamanı külli miqdarda Gürcüstan və xarici valyuta, kompüter avadanlıqları və müvafiq inventar götürülüb.
Götürülən valyutanın ümumi dəyəri 356 000 laridən çoxdur.
Həyata keçirilən tədbirlər nəticəsində 16 nəfər barəsində cinayət təqibinə başlanılıb, onlardan 9-u saxlanılıb. Sözügedən cinayət əməllərində iştirak edən digər şəxslərin müəyyən edilməsi məqsədilə istintaq tədbirləri intensiv şəkildə davam etdirilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 192-ci maddəsinin birinci və ikinci hissəsinin “b” bəndi ilə aparılır. Sözügedən maddə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur”, – məlumatda bildirilib.


