Polis öz nənəsini girov götürən şəxsi saxladı - VİDEO
Gürcüstan polisi öz nənəsini girov götürərək keçmiş həyat yoldaşının xaricdən ölkəyə gətirilməsini tələb edən şəxsi saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
Nazirliyin açıqlamasına görə, saxlanılan şəxsi 14 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Rəsmi məlumata əsasən, Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Sığnaqi Rayon İdarəsinin əməkdaşları əvvəllər məhkum olunmuş və hazırda şərti cəza altında olan, 1993-cü il təvəllüdlü G.K.-ni ailə üzvünü girov götürmə ittihamı ilə saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs 1950-ci il təvəllüdlü öz nənəsi N.K.-ni girov götürərək keçmiş həyat yoldaşının xaricdən Gürcüstana gətirilməsini tələb edib. O, tələbin yerinə yetirilməyəcəyi halda nənəsinin həyatına son qoyacağı ilə hədələyib.
Keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində şübhəli şəxs hadisə yerində saxlanılıb. Nazirliyin məlumatına görə, girov götürülmüş qadının həyat və sağlamlığı üçün təhlükə yoxdur.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 144-cü maddəsi ilə aparılır. Sözügedən maddə 14 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


