Keçmiş müdafiə naziri saxlanılıb
Keçmiş müdafiə naziri Baço Axalaia saxlanılıb.
InterPress.ge xəbər verir ki,bu barədə bəyanat Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) keçirilən brifinqdə verilib.
DTX-da bildirilib ki, Axalaia 4 oktyabr tarixində Tbilisidə baş verən hadisələrlə bağlı başlanmış cinayət işi çərçivəsində saxlanılıb. İstintaqın məlumatına görə, 4 oktyabr hadisələrinə internet tətbiqləri vasitəsilə rəhbərlik edən və Gürcüstanda əsas təşkilatçı Baçana Axalaia olub.
Qurum həmçinin bildirib ki, Baçana Axalaia ilə birlikdə saxlanılan onun həyat yoldaşı Anna Nadareişvili barəsində azadlığa buraxılma barədə qərar qəbul edilib. Bununla belə, istintaq gələcəkdə mövcud və ya yeni sübutlar əsasında onun da həyat yoldaşı ilə birlikdə törədilmiş cinayətdə hər hansı formada iştirak edib-etmədiyini qiymətləndirəcək.
DTX-nın açıqlamasında qeyd olunur ki, cəmiyyətə məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin icraatında 4 oktyabr tarixində baş vermiş məlum cinayət hadisələri ilə paralel olaraq böyük miqdarda silah, döyüş sursatı və partlayıcı qurğuların əldə edilməsi və saxlanılması faktı ilə bağlı cinayət işi aparılır. Bu iş üzrə təqsirləndirilən şəxs Beka Çuluxadzedir. İstintaq həm bu faktın dövlət hakimiyyətini devirmə işi ilə əlaqəsini, həm də cinayətdə Baçana Axalaianın, Laşa Şergelaşvilinin və digər şəxslərin mümkün iştirakını araşdırır.
İş üzrə çoxsaylı istintaq hərəkətləri aparılıb. Xüsusilə, internet trafikinin identifikasiyası əsasında dəqiq zaman göstəriciləri ilə iki şəxs arasında mobil telefonların internet tətbiqləri vasitəsilə qurulmuş əlaqə yüksək etibarlılıq standartı ilə müəyyən edilib.
Məhkəmə qərarları əsasında əldə edilmiş məlumatların mütəxəssislər tərəfindən təhlili nəticəsində müəyyən edilib ki, 4 oktyabr hadisələri zamanı bu proseslərə internet tətbiqləri vasitəsilə rəhbərlik edən və Gürcüstanda əsas təşkilatçı Baçana Axalaia olub.
DTX-nın açıqlamasında qeyd olunur ki, 2025-ci il 28 sentyabr tarixində saat 21:00-dan etibarən saxlanılma anınadək, 4 oktyabr hadisələrinin artıq təqsirləndirilən təşkilatçıları, onların istifadə etdikləri internet tətbiqləri və Anna Nadareişvilinin hazırkı yaşayış ünvanında qeydiyyatda olan IP (Wi-Fi) ünvanları arasında ümumilikdə 343 internet sessiyası qeydə alınıb. Bunlardan 157-si Murtaz Zodelava, 110-u Paata Burçuladze, 29-u Paata Mancqaladze, 26-sı Laşa Beridze, 21-i isə İrakli Nadiradze ilə olub.
Bundan əlavə, 4 oktyabr günü ərzində Murtaz Zodelava ilə Anna Nadareişvilinin adına qeydiyyatda olan IP ünvanı arasında bir neçə dəfə internet əlaqəsi qeydə alınıb. Xüsusilə saat 10:20, 11:35, 11:47, 16:02, 17:51 və 18:06-da əlaqələr olub. Qeyd edilir ki, saat 18:44:11-də qeydə alınan son əlaqədən 9 dəqiqə sonra Paata Burçuladze və Murtaz Zodelava zorakı çağırışlarla çıxış ediblər.
DTX-nın məlumatına görə, Laşa Beridze 4 oktyabr günü Baçana Axalaia ilə gün ərzində dəfələrlə internet əlaqəsində olub. Bu əlaqələr Prezident Sarayına zorakı hücumdan sonrakı dövrə təsadüf edib və Beridzenin həmin vaxt Prezident Sarayının yaxınlığında olması onun göstərişləri birbaşa Baçana Axalaiadan aldığını deməyə əsas verir.
Açıqlamada vurğulanır ki, Baçana Axalaia ilə Paata Burçuladze arasında hakimiyyətin devrilməsi ilə bağlı danışığı əks etdirdiyi ehtimal olunan səs yazısının yayılmasından sonra Murtaz Zodelava ilə əlaqə forması dəyişib və bundan sonra aktiv internet əlaqələri Zviad Qaqua adlı şəxsin mobil tətbiqləri vasitəsilə həyata keçirilib. İstintaq müəyyən edib ki, Zviad Qaqua Axalaialar ailəsinin yaxın tanışıdır və onlarla eyni evdə yaşayır. Bu səbəbdən, faktiki olaraq əlaqənin Murtaz Zodelava ilə Baçana Axalaia arasında baş verdiyi ehtimal olunur.
DTX bildirir ki, əldə olunan sübutlar 4 oktyabr hadisələrinin Gürcüstandakı əsas təşkilatçısının Baçana Axalaia olduğunu birmənalı şəkildə təsdiqləyir.
Bununla əlaqədar Baçana Axalaia saxlanılıb və cinayət işi digər cinayət işi ilə birləşdirilməsi, ittihamın irəli sürülməsi və istintaqın davam etdirilməsi üçün Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinə təhvil veriləcək.
Anna Nadareişvili barəsində isə azadlığa buraxılma qərarı qəbul edilib, lakin istintaq onun cinayətdə iştirak edib-etmədiyini gələcəkdə də araşdıracaq.


