26 
Dek
2025
17:43
206

Prokurorluq dövləti külli miqdarda maddi ziyana uğratmaqda təqsirləndirilən mütəşəkkil dəstənin 8 üzvünə qarşı ittiham irəli sürüb

Gürcüstan Prokurorluğu dələduzluq yolu ilə dövlətə külli miqdarda maddi ziyan vurulması faktı üzrə mütəşəkkil cinayətkar qrupun səkkiz üzvünə qarşı cinayət təqibinə başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Prokurorluq yayıb.

Qurumun məlumatına görə, Maliyyə Nazirliyinin İstintaq Xidməti tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maliyyə gəliri əldə etmək məqsədilə 2022-ci ildən mütəşəkkil cinayətkar qrup yaradıblar. Onlar mərhələli şəkildə müxtəlif hüquqi şəxslər təsis edərək, həmin şirkətlər vasitəsilə oduncaq məhsullarının alınmasını və sonradan satışını həyata keçiriblər.

İstintaqla müəyyən edilib ki, daha çox qazanc əldə etmək məqsədilə təqsirləndirilənlər sahibkarlıq fəaliyyəti zamanı qanunvericiliklə müəyyən edilmiş xüsusi vergi sənədləşməsi qaydalarını sistemli şəkildə pozublar, vergi orqanlarına təqdim olunan bəyannamələrdə mütəmadi olaraq saxta məlumatlar göstəriblər. Nəticədə onlar ödənilməli olan ümumdövlət vergilərini ödəməyiblər.

Prokurorluğun açıqlamasında qeyd olunur ki, bu üsulla mütəşəkkil qrupun üzvləri 2022–2024-cü illər ərzində dövləti aldadaraq təxminən 4 milyon lari məbləğində maddi ziyana uğradıblar.

Saxlanılan şəxslərə Gürcüstan Cinayət Məcəlləsinin 185-ci maddəsinin 3-cü hissəsi — mütəşəkkil qrup tərəfindən aldatma yolu ilə külli miqdarda maddi ziyan vurma maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə 4 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı artıq məhkəməyə vəsatət təqdim edib. İş üzrə istintaq mütəşəkkil qrupun digər üzvlərinin müəyyən edilməsi və ifşa olunması məqsədilə davam etdirilir.

Bizimlə əlaqə saxlayın