DTX: Baçana Axalaiyanın açıqlamaları açıq-aşkar yalandır və reallığın təhrifinə xidmət edir
"Baçana Axalaiyanın verdiyi bəyanat açıq-aşkar yalandır və istintaq orqanında baş verən hadisələrlə bağlı cəmiyyətdə reallığa zidd təsəvvür formalaşdırmağa xidmət edir. Xüsusilə onun “dostlarını ifşa etməsi üçün həyat yoldaşının həbsi ilə hədələnməsi və 13 yaşlı uşağın yetim qalması” ilə bağlı uydurduğu hekayə qəbuledilməz və qeyri-əxlaqi xarakter daşıyır."
InterPress.ge xəbər verir ki, bh barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib.
DTX-da qeyd edilib ki, Axalaiyanın bu gün məhkəmə prosesində səsləndirdiyi bəyanat yalnız onun şəxsi xüsusiyyətlərini əks etdirir.
Qurumun açıqlamasına görə, əslində, əməkdaşlar Axalaiyanı saxladıqdan dərhal sonra ona ilk olaraq belə bir sual ünvanlayıblar: Murtaz Zodelava, Paata Burçuladze və digər şəxslərlə telefon-internet əlaqəsini yalnız o qurub, yoxsa həyat yoldaşı Anna Nadareişvili də bu prosesdə iştirak edib. Eyni zamanda, mövcud, etibarlı məlumatlar ətraflı izah edilərək bildirilib ki, Axalaia cinayəti etiraf edib-etməməsindən asılı olmayaraq, yalnız öz internet əlaqələrini təsdiqlədiyi təqdirdə, həyat yoldaşının hüquqi məsuliyyət riskindən xeyli dərəcədə kənarda qalması ehtimalı yüksək olacaq.
Buna baxmayaraq, Baçana Axalaia ifadə verməkdən və sözügedən suala cavab verməkdən imtina edib. Bundan sonra prokurorluqla məsləhətləşmələr aparılıb və nəticədə Anna Nadareişvilinin saxlanmadan azad edilməsi, onun mümkün məsuliyyəti məsələsinə isə gələcəkdə, istintaq çərçivəsində baxılması barədə qərar qəbul olunub.
DTX-da vurğulanıb ki, Axalaiyanın bu gün səsləndirdiyi bəyanatlar, xüsusilə də yuxarıda qeyd olunan qərar fonunda, istintaq orqanı nümayəndələrinin yüksək hüquqi və mənəvi standartlara uyğun fəaliyyətini guya hədə-qorxu kimi təqdim etməyə cəhd göstərir ki, bu da yalnız onun şəxsi keyfiyyətlərindən xəbər verir və cinayət prosesində mühüm əhəmiyyət daşıyır.
Xatırladaq ki, keçmiş müdafiə naziri Baçana Axalaia bu gün məhkəmə iclasında bildirib ki, saxlanıldıqdan sonra DTX-da ondan dostlarına qarşı ifadə verməsi tələb olunub və bunun əvəzində həyat yoldaşının həbs edilməyəcəyi vəd edilib.
“DTX binasında mənə dedilər ki, ya həyat yoldaşını həbs edəcəyik, ya da Paata Burçuladze və digər şəxsləri ifşa edəcəksən. Mənə deyirdilər ki, arvadını tutacağıq və uşaqlarını yetim qoyacağıq. Deyirdilər ki, əgər iştirak etməmisənsə, bildiyini de. Uşağın 10 il yetim qalacaq”, – deyə Baçana Axalaia bildirib.


