Gürcüstanda genişmiqyaslı antikorrupsiya əməliyyatı: Marneulidə korrupsiya ilə bağlı saxlanılanlar var - VİDEO
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Antikorrupsiya Agentliyinin əməkdaşları tərəfindən ölkənin müxtəlif regionlarında gün ərzində keçirilən genişmiqyaslı antikorrupsiya tədbirləri nəticəsində dörd ayrı cinayət işi üzrə korrupsiya və digər cinayət faktları aşkar edilib. Nəticədə 4 nəfər saxlanılıb, ümumilikdə isə 11 şəxs cinayət məsuliyyətinə cəlb olunub.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə Antikorrupsiya Agentliyinin direktoru Emzar Qaqnidze məlumat verib.
Birinci cinayət işi üzrə külli miqdarda dələduzluq, rəsmi sənədlərin saxtalaşdırılması və istifadəsi, eləcə də dələduzluğa kömək etmə faktları araşdırılıb. İstintaqla müəyyən edilib ki, “Crosspoint” MMC adı altında yol təmir işlərini faktiki icra edən iki şəxs, şirkətin 100 faiz pay sahibi və direktoru, həmçinin müqavilə şərtlərinə nəzarət və inspeksiya aparan daha iki nəfər saxta sənədlər vasitəsilə Marneuli–Lomtaqora–Algeti istiqamətində 15,26 kilometrlik avtomobil yolunun bərpası zamanı Regional İnkişaf və İnfrastruktur Nazirliyinə məxsus 2 milyon 89 min 154 lari məbləğində vəsaiti mənimsəyiblər. Ekspertiza nəticələrinə görə, bərpa olunan yol istismar üçün yararsız olub və sifarişçi yeni tender keçirməyə məcbur qalıb. Bu faktlar üzrə təqsirləndirilən şəxsləri 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
İkinci cinayət işi Kaspi bələdiyyəsində rüşvət alma və rüşvətə kömək etmə faktı ilə bağlıdır. Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Milli Qida Agentliyinin bir əməkdaşı və bir vətəndaş saxlanılıb. İstintaqa görə, agentlik əməkdaşı 560 lari qarşılığında ətin keyfiyyətini yoxlamadan və istehlakçıya təqdim olunan məhsulu araşdırmadan saxta sənədlər hazırlayıb. Bu maddələr üzrə də 6 ildən 9 ilədək həbs cəzası nəzərdə tutulur.
Üçüncü iş Tbilisidə saxta valyutanın hazırlanması, saxlanılması və satışı ilə bağlıdır. Bir nəfər saxlanılıb və onun ümumilikdə 7 min ABŞ dolları məbləğində saxta pul dövriyyəyə buraxdığı, bunun qarşılığında isə 2 min 450 dollar aldığı müəyyən edilib. Ekspertiza həmin əskinasların ABŞ Federal Ehtiyat Bankı tərəfindən buraxılan əsl pullara uyğun olmadığını təsdiqləyib. Bu cinayətə görə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq oluna bilər.
Dördüncü cinayət işi Sameqreloda, Çxorotsku bələdiyyəsində yol tikintisi ilə bağlı dələduzluq faktlarını əhatə edir. “New Passage” MMC-nin direktoru külli miqdarda dələduzluq ittihamı ilə saxlanılıb, nəzarətçi şirkət “TİGA Audit Escort”un iki əməkdaşı isə dələduzluğa kömək etmədə ittiham olunur. İstintaqın məlumatına görə, Axuti kəndində yolun beton örtüyünün çəkilməsi zamanı Çxorotsku meriyasına məxsus 254 min 990 lari mənimsənilib və yol istifadəyə yararsız vəziyyətə düşüb. Bu faktlar üzrə də 6 ildən 9 ilədək həbs cəzası nəzərdə tutulur.
Dövlət Təhlükəsizliyi Xidmətinin açıqlamasında bildirilir ki, bütün bu cinayətlərlə bağlı məhkəmə qərarları əsasında gizli istintaq tədbirləri aparılıb və audio-video sübutlar əldə edilib. Antikorrupsiya Agentliyi korrupsiya cinayətlərinin aşkar edilməsi və qarşısının alınması istiqamətində fəaliyyətini davam etdirir və dövlətin, eləcə də cəmiyyətin maraqlarına zərər vurmaq niyyətində olan şəxslərin məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edir.


