Böyük məbləğdə dələduzluqla bağlı iki nəfərə ittiham irəli sürülüb
Tbilisi Prokurorluğunun dələduzluq cinayət işləri üzrə prosessual rəhbərlik idarəsi tərəfindən mütəşəkkil qrup tərəfindən böyük məbləğdə pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsi faktları üzrə iki şəxsə ittiham irəli sürülüb.
InterPress.ge xəbər verir ki, bu barədə Prokurorluq məlumat yayıb.
Məlumatda bildirilir ki, mütəşəkkil qrupun üzvləri müxtəlif fiziki şəxsləri aldadaraq bahalı avtomobilləri girov qoymaqla bank təşkilatları ilə kredit müqavilələri bağlayıblar.
İstintaqla müəyyən edilib ki, cari ilin mart ayından may ayınadək böyük məbləğdə pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmək məqsədilə mütəşəkkil qrupun üzvləri müxtəlif şəxsləri aldatmaqla və onlardan istifadə etməklə bahalı avtomobilləri girov qoyaraq banklarla kredit müqavilələri imzalayıblar. Təqsirləndirilən şəxslər əldə olunan vəsaiti tam şəkildə mənimsəyib, avtomobilləri isə xaricdə satıblar.
Bundan əlavə, mütəşəkkil qrupun üzvləri müxtəlif şəxslərə onlara məxsus avtomobillərin satılmasında kömək təklif edib, avtomobilləri dələduzluq yolu ilə ələ keçirərək satıb, zərərçəkənlərə isə vəsait ödəməyiblər.
Mütəşəkkil cinayət nəticəsində zərərçəkənlərə dəymiş ümumi ziyan 366 755 lari təşkil edir.
Saxlanılan şəxslərə Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 3-cü hissəsinin “b” və 4-cü hissəsinin “a” bəndləri (mütəşəkkil qrup tərəfindən böyük məbləğdə törədilmiş dələduzluq) ilə ittiham irəli sürülüb. Bu maddə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.


