30 
Dek
2025
03:23
301

Bu yollarda əlverişsiz hava şəraiti ilə əlaqədar avtomobillərin hərəkəti məhdudlaşdırıldı

Bir sıra istiqamətlərdə nəqliyyatın hərəkəti tam dayandırılıb

InterPress.ge xəbər verir ki, İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti ölkə ərazisində mövcud yol məhdudiyyətləri ilə bağlı məlumat yayıb.

Məlumata görə, Nakerala aşırımı və Saçxere (Sareki) – Uzunta – Şxmeri – Zudali avtomobil yolunda bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Bildirilir ki, uçqun təhlükəsi səbəbindən daxili əhəmiyyətli Kutaisi (Moçameta) – Tkibuli – Ambrolauri avtomobil yolunun km39–km72 (Nakerala aşırımı) hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb. Eyni zamanda, intensiv qar yağışı və çovğunla müşayiət olunan əlverişsiz hava şəraiti səbəbindən Saçxere (Sareki) – Uzunta – Şxmeri – Zudali yolunda da bütün növ avtomobillərin hərəkəti dayandırılıb.

Departamentin məlumatına əsasən, Çiatura–Zestafoni istiqamətində də məhdudiyyətlər tətbiq olunub. Çətin meteoroloji şəraitlə əlaqədar Gomi – Saçxere – Çiatura – Zestafoni avtomobil yolunun km1–km106 hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib. Yolun km67–km106 (Çiatura–Zestafoni) hissəsində isə yalnız yüksək keçid qabiliyyətinə malik, iki və daha çox aparıcı oxu olan avtomobillərin hərəkətinə icazə verilir, digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Çətin hava şəraiti səbəbindən Qoderzi kurortu – Utqisubani hissəsində də hərəkət tam qadağan edilib. Batumi (Anqisa) – Axaltsixe avtomobil yolunun km103–km118 (Qoderzi kurortu – Utqisubani) hissəsində bütün növ nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Həmin yolun km50–km103 hissəsində isə yalnız yüksək keçid qabiliyyətli nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

Bundan başqa, uçqun təhlükəsi ilə əlaqədar Zuqdidi – Cvari – Mestia – Lasdili avtomobil yolunun km94–km190 (Dizi – Lasdili) hissəsində bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub. Yolun km30–km94 (Cvari – Dizi) hissəsində qoşqulu, yarımqoşqulu nəqliyyat vasitələrinin və M3 kateqoriyalı sərnişin daşıyan avtomobillərin hərəkəti qadağandır, digər nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir. Zuqdidi – Cvari yolunun km1–km30 hissəsində hərəkət məhdudiyyətsizdir.

Eyni zamanda, əlverişsiz hava şəraiti səbəbindən Xaşuri – Axaltsixe – Vale beynəlxalq əhəmiyyətli avtomobil yolunun km10–km104 hissəsində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib, digər növ avtomobillərin hərəkəti isə sərbəstdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər