01 
Yan
2026
11:27
461

1 yanvardan torpaqların sistemli qeydiyyatı üzrə pulsuz proqram dayandırılır

2026-cı il yanvarın 1-dən etibarən torpaqların sistemli qeydiyyatı üzrə pulsuz dövlət proqramı davam etdirilməyəcək.

InterPress.ge xəbər verir ki, bu proqram 2022-ci ildən Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahat çərçivəsində başlanmışdı və ölkə üzrə torpaq sahələrinin sistemli ölçülməsi, kadastr işlərinin aparılması və mülkiyyət hüquqlarının qeydiyyatını nəzərdə tuturdu. İslahatın başa çatma tarixi kimi 2025-ci ilin sonu müəyyən edilmişdi.

Qərara əsasən, 2026-cı il yanvarın 1-dən torpaqların qeydiyyatı yalnız sporadik qaydada aparılacaq. Sistemli qeydiyyat çərçivəsində müxtəlif səbəblərdən torpaq sahələrini rəsmiləşdirə bilməyən vətəndaşlar 2027-ci il yanvarın 1-dək mülkiyyət hüquqlarını yalnız sporadik qaydada qeydiyyatdan keçirə biləcəklər.

Məlumat üçün bildirək ki, sporadik qeydiyyat vətəndaşların təqdim etdiyi ərizələr əsasında həyata keçirilir və bu zaman müəyyən rüsum ödənilir. Sistemli qeydiyyat isə müvafiq coğrafi ərazilərdə proaktiv və ardıcıl şəkildə toplanmış məlumatlar əsasında aparılır, bütün xidmətlər vətəndaşlara yaşadıqları ünvanda göstərilir və məlumatların toplanması Milli İctimai Reyestr Agentliyi tərəfindən təmin olunur. Sistemli qeydiyyat zamanı göstərilən xidmətlər tamamilə ödənişsiz idi.

Bizimlə əlaqə saxlayın