İranda kütləvi etirazlar: azı 35 nəfər ölüb, 1 200-dən çox şəxs saxlanılıb
İranda davam edən kütləvi etiraz aksiyaları zamanı azı 35 nəfər həyatını itirib, 1 200-dən çox etirazçı isə saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə yerli və beynəlxalq media Human Rights Activists in Iran təşkilatına və onun media şəbəkəsi olan HRANAya istinadən məlumat yayıb.
Hüquq müdafiəçilərinin açıqlamasına görə, ölən 35 nəfərdən 29-u etirazçı, dördü uşaq, ikisi isə təhlükəsizlik qüvvələrinin əməkdaşı olub.
HRANA-nın məlumatında bildirilir ki, dekabrın sonlarında başlayan etiraz aksiyaları ölkənin 31 vilayətindən 27-ni əhatə etməklə azı 88 şəhərdə keçirilib. Hüquq müdafiəçilərinin qeyd etdiyinə görə, müəyyən mərhələdə İran təhlükəsizlik qüvvələri, xüsusilə kiçik yaşayış məntəqələrində keçirilən aksiyalar zamanı nümayişçilərə qarşı güc tətbiq etməyə başlayıb. Bu isə böyük şəhərlərdə, o cümlədən Maşhad və paytaxt Tehranda yeni etiraz dalğasına səbəb olub.
Məlumata əsasən, ölkə üzrə azı 17 universitetin tələbələri də etirazlara qoşulub, təhlükəsizlik qüvvələri isə universitet kampuslarına müdaxilə edib.
Eyni zamanda, İran İslam Respublikası Məhkəməsi 5 yanvar tarixində yaydığı açıqlamada bildirib ki, etiraz aksiyaları zamanı saxlanılan şəxslərə qarşı heç bir güzəştə gedilməyəcək.


