Viktor Orban: Avropa İttifaqı liderlik xaosu səbəbindən öz-özünə dağılacaq
Macarıstanın baş naziri Viktor Orban bəyan edib ki, Avropa İttifaqı daxilində mövcud olan “liderlik xaosu” səbəbindən bu birlik gələcəkdə öz-özünə dağılacaq.
Orbanın sözlərinə görə, Brüsselin əsas məqsədlərindən biri Macarıstana Rusiya enerji daşıyıcılarının tədarükünü dayandırmaqdır. O, bu yanaşmanı Budapeştin milli maraqlarına zidd hesab edib.
Macarıstanın baş naziri ölkəsinin Avropa İttifaqından çıxması ehtimalını istisna edərək bildirib ki, Macarıstanın ölçüsü və iqtisadi-siyasi çəkisi belə bir qərarı məntiqli etmir. Bununla belə, o vurğulayıb ki, Macarıstanın gələcəyi həm Avropa İttifaqı, həm də NATO daxilindədir, lakin bu, yalnız suveren xarici və iqtisadi siyasət yürüdülməsi şərti ilə mümkündür.
Orban qeyd edib ki, Aİ üzvlüyü mühüm fürsətdir, lakin ölkənin yalnız bir bloka bağlanması təhlükəli nəticələrə gətirib çıxara bilər. Onun fikrincə, Macarıstan bütün əsas geosiyasi bloklarla, o cümlədən Amerika Birləşmiş Ştatları, Rusiya, Çin, eləcə də ərəb və türk dünyası ilə mümkün olan ən yaxşı münasibətləri qurmalıdır.
Macarıstanın hökumət başçısı bildirib ki, balanslaşdırılmış və çoxşaxəli xarici siyasət ölkənin milli maraqlarının qorunmasının əsas yoludur.


