15 
Yan
2026
10:37
121

Avropa Komissiyasına növbəti etimadsızlıq səsverməsi təhlükəsi: Ursula fon der Lyayenin komandası yenidən hədəfdə

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin rəhbərlik etdiyi qurum Avropa Parlamentində növbəti etimadsızlıq votumu ilə üz-üzə qala bilər.

Almaniyanın Berliner Zeitung nəşrinin məlumatına görə, Avropa Parlamentinin sədri Roberta Metsola bu barədə artıq parlament qruplarının liderlərini məlumatlandırıb.

Nəşrin yazdığına əsasən, müzakirələr və səsvermə gələn həftə Strasburqda, Avropa Parlamentinin plenar iclası çərçivəsində keçiriləcək. Bu, son altı ay ərzində Ursula fon der Lyayen və onun komandası ilə bağlı dördüncü etimadsızlıq təşəbbüsü olacaq.

Məlumata görə, etimadsızlıq təklifi Patriotlar Avropa üçün adlı sağçı fraksiya tərəfindən irəli sürülüb. Qrup Avropa Komissiyasını, xüsusilə Cənubi Amerikanın MERCOSUR ölkələri – Braziliya, Argentina, Uruqvay və Paraqvay ilə bağlanmış ticarət sazişinə görə tənqid edir. Bu fraksiyanın tərkibində Marin Le Penin rəhbərlik etdiyi “Milli Birlik” (RN) partiyasının və Macarıstanın baş naziri Viktor Orbanın partiyasının nümayəndələri yer alır.

Berliner Zeitung qeyd edir ki, indiyədək Ursula fon der Lyayenə qarşı irəli sürülmüş üç etimadsızlıq votumu uğursuz olub. İlk belə təşəbbüs 2025-ci ilin yayında rumıniyalı ultrasağçı deputat George Piperea tərəfindən irəli sürülüb. Həmin vaxt 75 deputat təşəbbüsü dəstəkləyib, 360 deputat əleyhinə səs verib, 18 nəfər isə bitərəf qalıb.

Daha sonra, 2025-ci ilin oktyabrında, Strasburqda daha iki səsvermə keçirilib. “Patriotlar Avropa üçün” fraksiyasının təşəbbüsünə 179 deputat dəstək verib, 378 deputat isə qarşı çıxıb. Sol cinah tərəfindən irəli sürülən etimadsızlıq təşəbbüsünə isə 133 deputat “hə” deyib, 383 deputat isə əleyhinə səs verib.

Qeyd edək ki, Avropa Komissiyasına etimadsızlıq votumunun qəbul olunması üçün deputatların üçdə iki səsi, yəni ən azı 360 səs tələb olunur.

Bizimlə əlaqə saxlayın