Milli Ətraf Mühit Agentliyi xəbərdarlıq edir: Güclü yağıntı və fırtına gözlənilir
Fevralın 3-dən 4-nə keçən gecə saatlarınadək Qərbi Gürcüstanda yağıntı gözlənilir, bəzi ərazilərdə yağıntı güclü olacaq. Dənizdə 3–4 ballıq fırtınalı dalğalanma ehtimalı var.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Qurumun məlumatında bildirilir ki, ölkə ərazisinin böyük hissəsində güclü qərb küləyi əsəcək.
“Dağlıq və yüksək dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, duman, çovğun və qar uçqunu təhlükəsinin yaranacağı gözlənilir. Güclü qar yağışı, çovğun, görünüş məsafəsinin azalması və uçqun təhlükəsi səbəbindən avtomobil yollarının ayrı-ayrı hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.
Gözlənilən yağıntılar Qərbi Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, təpəlik və dağlıq zonalarda isə sürüşmə və sel proseslərinin formalaşmasına və aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi orta qiymətləndirilir”, – məlumatda qeyd olunur.


