Avropa İttifaqının sanksiyalar üzrə nümayəndəsi bildirir ki, sanksiyalar “möcüzəvi həll yolu deyil” və onlardan yayınmaq həmişə mümkün olacaq, lakin onlar Rusiyanın iqtisadiyyatına “əhəmiyyətli təsir” göstərir.
Avropa İttifaqının sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sullivan bildirib ki, Qərb sanksiyaları Rusiya iqtisadiyyatına “əhəmiyyətli təsir” göstərir. O, bu barədə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin dördüncü ildönümü ərəfəsində The Guardian nəşrinə müsahibəsində danışıb.
O'Sallivan qeyd edib ki, sanksiyalar “möcüzəvi həll yolu” deyil və onların ətrafından dolanmaq cəhdləri hər zaman olacaq. Bununla belə, o vurğulayıb ki, dörd il ərzində sanksiyaların effektiv təsir göstərdiyinə əmin olub.
“Olduqca optimistəm. Hesab edirəm ki, sanksiyalar Rusiya iqtisadiyyatına həqiqətən ciddi təsir edib”, – deyə o, Guardian-a bildirib.
Aİ nümayəndəsinin sözlərinə görə, müharibəyə əsaslanan iqtisadi model gələcəkdə “davamlı olmaya” bilər.
“2026-cı il ərzində elə bir nöqtəyə çata bilərik ki, bu vəziyyət qeyri-davamlı olacaq. Çünki Rusiyanın iqtisadiyyatının böyük hissəsi mülki sektor hesabına müharibə iqtisadiyyatının qurulması nəticəsində ciddi şəkildə təhrif olunub. Düşünürəm ki, iqtisadi cazibə qanunlarının uzun müddət nəzərə alınmaması mümkün deyil”, – deyə O'Sallivan bildirib.
Nəşr qeyd edir ki, O'Sallivan bu açıqlamaları Rusiyanın bir neçə həftə ərzində Ukraynanın enerji infrastrukturuna intensiv hücumlar həyata keçirməsindən sonra verib. Həmin dövrdə ölkə sərt qış şəraiti ilə üzləşib və Kiyevdə temperatur bu həftə -20°C-yə qədər enib.
Onun sözlərinə görə, ukraynalı həmkarları bildiriblər ki, Rusiya ötən ay 2025-ci ilin yanvarı ilə müqayisədə iki dəfə çox pilotsuz uçuş aparatı və raket buraxıb.
Bununla yanaşı, nəşr yazır ki, Vladimir Putinin müharibə maşını geniş iqtisadiyyat üçün ciddi itkilərlə müşayiət olunur. Bildirilir ki, neft gəlirləri kəskin azalır, inflyasiya təxminən 6 faiz, faiz dərəcələri isə 16 faiz səviyyəsindədir.


