Səhiyyə Nazirliyi sosial müdafiə bazasının yenidən yoxlanılmasına başlayır
Gürcüstan Səhiyyə Nazirliyi sosial müdafiə alan ailələrin vahid məlumat bazasının yenidən yoxlanılması prosesinə başlayır.
InterPress.ge xəbər verir ki, bu barədə səhiyyə naziri Mixeil Sarjveladze brifinqdə məlumat verib.
Nazirin sözlərinə görə, məqsəd bazada yalnız dövlətin maliyyə yardımına real ehtiyacı olan şəxslərin qalmasını təmin etməkdir.
Bildirilib ki, hazırda sosial müdafiə alan ailələrin vahid bazasında qeydiyyatda olan və maliyyə yardımı alan ailələrin sayı 185 mindən artıqdır, bu ailə üzvlərinin ümumi sayı isə 710 min nəfər təşkil edir. Onların yarıdan çoxu birbaşa müavinət almasalar da, müxtəlif güzəştlərdən yararlanırlar.
Nazir qeyd edib ki, sosial müdafiə bazası dəfələrlə qeyri-dürüst siyasi spekulyasiyaların predmetinə çevrilib. Onun sözlərinə görə, 2012-ci ildən sonra yardım almaq üçün müəyyən edilən bal göstəricisi iki dəfə artırılıb. Əgər bu bal artırılmasaydı və nisbətən imkanlı ailələrə də müavinət təyin edilməsəydi, hazırda yardım alan ailələrin sayı 185 min deyil, təxminən 120 min olardı.
Sarjvelaşvilinin sözlərinə görə, yoxlamaların ləngiməsi və digər obyektiv və subyektiv amillər müəyyən siyasi dairələr üçün spekulyasiya zəmini yaradıb. Koronavirus pandemiyasından sonra faktiki olaraq moratorium tətbiq olunub və nadir istisnalarla ailələrin yenidən yoxlanılması həyata keçirilməyib. Nəticədə bazada artıq dövlət yardımına ehtiyacı olmayan şəxslər və ailələr hələ də qeydiyyatda qalır.
Nazir anomal halların da qeydə alındığını bildirib. Məsələn, son üç ayda on minlərlə lari gəlir əldə etmiş ailənin və ya bir il ərzində on minlərlə lari dəyərində bir neçə avtomobil almış ailənin, eləcə də 2024-cü il buraxılışlı avtomobil əldə etmiş ailənin bazada qeydiyyatda olduğu və müavinət aldığı hallar mövcuddur.
Nazir vurğulayıb ki, sosial müdafiə alan ailələrin vahid məlumat bazası ölkənin son illərdə əldə etdiyi iqtisadi göstəricilərlə uyğunluq təşkil etmirdi və bu da rəqəmlərlə manipulyasiya üçün zəmin yaradırdı.
Bu səbəbdən nazirliyin tabeliyində fəaliyyət göstərən Sosial Xidmət Agentliyi bazada qeydiyyatda olan əhalinin aktiv yoxlanılması mərhələsinə başlayır. Məqsəd dövlətin maliyyə yardımına həqiqətən ehtiyacı olan şəxslərin bazada qalmasını təmin etməkdir.


