Munisipal İnkişaf Fondu Velistsixe layihəsi üzrə müqaviləni ləğv edib, yeni tender elan olunacaq
Munisipal İnkişaf Fondu Qurcaani bələdiyyəsinin Velistsixe kəndinin reabilitasiyası layihəsi üzrə podratçı şirkətlərlə müqavilənin ləğv edilməsi və yeni tenderin elan olunması barədə qərar qəbul edib.
Fond bir neçə gün əvvəl kəndin mərkəzi hissəsinin reabilitasiyası layihəsini icra edən podratçı şirkətlər – “İnsi” MMC və “Java” MMC-nin birgə müəssisəsi ilə müqaviləni dayandırmaq qərarına gəlib. Buna səbəb kimi şirkətlərin üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməməsi göstərilir.
Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən layihə 2022-ci ilin birinci rübündə başlayıb. Lakin bir sıra xəbərdarlıqlara baxmayaraq, şirkətlər öhdəliklərini yerinə yetirməyiblər ki, bu da müqavilənin ləğvinə səbəb olub.
Velistsixeyə fondun icraçı direktoru Beka Uruşadze də səfər edərək yerli hakimiyyət nümayəndələri ilə birlikdə mövcud vəziyyətlə yerində tanış olub. Görüş zamanı layihənin davam etdirilməsi üçün zəruri prosedurlar və növbəti addımlar müzakirə edilib.
Uruşadzenin sözlərinə görə, müqavilənin ləğvi prosesi donor təşkilatın qayda və tələblərinə tam uyğun şəkildə aparılacaq. Müqavilənin dayandırılması və yeni tenderin hazırlanması mərhələləri Asiya İnkişaf Bankı ilə koordinasiyalı və onun birbaşa iştirakı ilə həyata keçirilir.
Paralel olaraq, beynəlxalq nəzarətçi şirkət “Eptisa” obyekt üzrə görülmüş işlərin detallı təsvirinə və inventarizasiyasına başlayacaq. Bu prosedur yerinə yetirilmiş işlərin dəqiq həcmini müəyyən etmək və qalan işlərin siyahısını tərtib etmək üçün zəruridir.


