26 
Fev
2026
15:10
136

Transparency International: Britaniya şirkətləri sanksiyalara baxmayaraq, Böyük Britaniyanın xarici ərazilərində Rusiya ilə təxminən 8 milyard dollarlıq ticarət əməliyyatı aparıblar

Beynəlxalq təzyiqlərə baxmayaraq, Rusiyanın xarici ticarət dövriyyəsi Böyük Britaniyanın dənizaşırı ərazilərində qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə 2022-ci ilin fevralından 2025-ci ilin yanvarınadək azı 8 milyard dollar təşkil edib. Bu barədə məlumatı qeyri-hökumət təşkilatı Transparency International yayıb.

Təşkilatın məlumatına görə, üç il ərzində Rusiya ilə azı 29 min ticarət əməliyyatı həyata keçirilib. Əməliyyatların 90 faizindən çoxu Britaniya Vircin və Bermud adalarının payına düşüb.

Məlumata əsasən, Britaniya Vircin adaları Rusiyadan ixrac üçün əsas hablardan birinə çevrilib. Bu ərazilər vasitəsilə “Rosneft” şirkətinin neft məhsulları, polad və kömür tədarük olunub. Qeyd olunur ki, Rusiya Ukraynanın işğal olunmuş ərazilərində hasil edilən faydalı qazıntıların da ixracını həyata keçirib.

Bermud adalarından isə neft və qaz sektoru üçün zəruri olan avadanlıq və qurğuların alınması məqsədilə istifadə olunub. Yerli vasitəçilər vasitəsilə Rusiya qazma qurğuları və qaz turbinləri üçün ehtiyat hissələri alıb.

Kayman adaları və Cəbəllütariq metallar, xüsusilə qurğuşun və sinklə bağlı əməliyyatlar, eləcə də qızıl külçələri və helikopterlər üçün ehtiyat hissələrinin alınması məqsədilə istifadə edilib.

Hesabatda yaxtalarla bağlı məlumat da ayrıca vurğulanır. Bildirilir ki, qeyd olunan dövrdə yaxtaların Rusiyaya və ya Rusiyadan daşınması ilə bağlı 160 fakt qeydə alınıb. Bu əməliyyatlar Kayman və Vircin adalarında qeydiyyatdan keçmiş vasitəçi şirkətlər vasitəsilə həyata keçirilib. Transparency International-ın məlumatına görə, həmin yaxtalar Rusiyanın yüksək vəzifəli siyasi şəxsləri ilə əlaqəlidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər