16 
Mar
2026
18:58
470

Gürcüstanda azərbaycandilli məktəblərin problemləri və təhsil islahatları müzakirə olunub

14 mart tarixində Marneulidə yerləşən Azərbaycan Evində müəllimlərlə müəllimlərlə görüş keçirilib.

InterPress.ge xəbər verir ki, görüş “Maarif” təşkilatının rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayevanın təşəbbüsü ilə keçirilib.

görüşdə Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə mövcud problemlər, bu məktəblərin nəzdində gürcü sektorunun açılmasının uzunmüddətli perspektivdə mümkün təsirləri, azərbaycandilli məktəblərdə gürcü və ana dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi, azərbaycanlı şagirdlərin təhsil aldığı gürcüdilli məktəblərdə/sektorlarda Azərbaycan dilinin tədrisinə yaradılan süni maneələr, 1+4 proqramı çərçivəsində gürcü dili hazırlığı proqramının fəaliyyət müddətinin uzadılması, qeyri-gürcüdilli məktəblərdə Gürcüstan ədəbiyyatının tədrisi və digər məsələlər müzakirə edilib.

“Maarif” təşkilatının rəhbəri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva bildirib ki, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin 2025-ci il 8 sentyabr tarixli N79/n saylı əmrinə əsasən, bütün qeyri-gürcüdilli məktəblərdə gürcü sektorunun açılması nəzərdə tutulub. “A. İsayeva qeyd edib ki, bu qərar müəllimlər arasında müəyyən narahatlıq doğurur. Biz hesab edirik ki, sözügedən qərar Gürcüstan vətəndaş cəmiyyətinə inteqrasiya prosesinə müsbət təsir göstərmək əvəzinə, müəyyən dərəcədə onun ləngiməsinə səbəb ola bilər. Hazırda 289 qeyri-gürcüdilli məktəbdə fəaliyyət göstərmək üçün kifayət qədər insan resursunun mövcud olmadığı müşahidə olunur.

Qeyri-gürcüdilli məktəblərdə dərs demək istəyən müəllimlər həmin regionun sosial-mədəni xüsusiyyətlərini dərindən bilməli, qeyri-gürcü icmaların nümayəndələri ilə işləmək bacarığına malik olmalı, onların dil və mədəniyyət xüsusiyyətlərini yaxşı tanımalıdırlar. Müvafiq hazırlıq və adaptasiya mərhələsi olmadan bu bölgələrdə fəaliyyət göstərmək etnik gürcü müəllimlər üçün çətinlik yarada bilər. Eyni zamanda, azərbaycanlı icması arasında da məktəbləri kifayət qədər müəllim kadrı ilə təmin etmək baxımından müəyyən çatışmazlıqlar mövcuddur”, – deyə A. İsayeva vurğulayıb.

Çıxış edən digər müəllimlər azərbaycandilli məktəblərdə gürcü və ana dilinin tədrisinin keyfiyyətinin artırılmasının vacibliyini vurğulayıb, gürcü dilini tədris edən müəllimlərin dərs prosesinin müvafiq qurumlar tərəfindən monitorinq olunmasının zəruriliyini qeyd ediblər.

Sonda müraciət oxunaraq yekdil şəkildə qəbul edilib. Müraciət Gürcüstanın Baş naziri cənab İrakli Kobaxidzeyə, Gürcüstanın Təhsil, Elm və Gənclər naziri cənab Givi Mikanadzeyə, Gürcüstan Parlamentinin sədri cənab Şalva Papuaşviliyə, Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclər Komitəsinin sədri xanım Mariam Laşxiyə və Gürcüstanın Xalq müdafiəçisi cənab Levan İoselianiyə ünvanlanıb.

​​​​​​​

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər