06 
Apr
2026
17:24
345

Gürcüstanda yeni C5 vizası tətbiq oluna bilər

Gürcüstanda yeni – C5 kateqoriyalı adi viza tətbiq oluna bilər. Bununla bağlı dəyişikliklər “Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanuna edilir və layihə parlamentdə sürətləndirilmiş qaydada müzakirə olunur.

InterPress.ge xəbər verir ki, layihəyə əsasən, C5 kateqoriyalı çoxgirişli qısamüddətli viza 5 il müddətinə veriləcək və ölkədə qalma müddəti 1 il təşkil edəcək.

Sənədə görə, bu viza turist məqsədilə Gürcüstana gələn şəxslərə veriləcək. Həmin şəxslər yalnız qeyri-rezidentin xeyrinə fəaliyyət göstərə biləcəklər və bu fəaliyyət Gürcüstan hüdudlarından kənarda həyata keçirilən işlə bağlı olmalıdır. C5 vizası eyni zamanda şəxsin həyat yoldaşına və azyaşlı uşaqlarına da şamil olunacaq.

Qanun layihəsi “Gürcü Arzusu”nun deputatları tərəfindən hazırlanıb və artıq parlamentə təqdim edilib.

İzahata əsasən, yeni vizanın tətbiqi yüksək alıcılıq qabiliyyətinə malik və nisbətən təhlükəsiz ölkələrdən olan ziyarətçilərin cəlb edilməsi məqsədi daşıyır.

Qeyd olunur ki, bu mexanizm həmin şəxslərə uzun müddət ərzində Gürcüstana çoxsaylı giriş imkanı verəcək və bunun qarşılığında yüksək viza rüsumu tətbiq olunacaq.

Layihə müəllifləri bildirirlər ki, imkanlı turistlər ölkə iqtisadiyyatına əhəmiyyətli təsir göstərir – turizm sektorunun gəlirlərini artırır, xidmət sahəsini inkişaf etdirir və xarici valyutanın sabit daxil olmasını təmin edir.

Eyni zamanda vurğulanır ki, belə şəxslər tez-tez biznes fəaliyyətinə maraq göstərir və bu da əlavə investisiyaların cəlb olunmasına səbəb olur.

Qanun layihəsində qeyd edilir ki, C5 vizasının tətbiqi dövlət büdcəsinə də əlavə gəlir gətirəcək. Bu, həm viza rüsumları, həm də ölkə daxilində həyata keçirilən iqtisadi fəaliyyət nəticəsində formalaşacaq.

Bundan əlavə, yüksək gəlirli ziyarətçilərin cəlb edilməsi iqtisadiyyatın şaxələndirilməsinə, xüsusilə tibb, təhsil və yüksək səviyyəli xidmət sahələrinin inkişafına təkan verə bilər.

Layihədə həmçinin vurğulanır ki, sadələşdirilmiş giriş rejimi qeyri-turizm mövsümündə də ziyarətçi axınının artmasına kömək edəcək və bu, turizm sektorunda fəaliyyət göstərən kiçik və orta biznes üçün ilboyu maliyyə sabitliyi yaradacaq.

Bizimlə əlaqə saxlayın