Gürcüstan internet azadlığında regionun lideridir – Cloudwards 2026
Texnologiya və internet təhlükəsizliyi portalı Cloudwards 2026-cı il üzrə internet azadlığı indeksini açıqlayıb.
InterPress.ge xəbər verir ki, hesabata əsasən, Gürcüstan regionda internet azadlığı baxımından lider mövqedədir və bütün qonşu ölkələri qabaqlayır.
Reytinqə görə, Gürcüstan 100 baldan 64 bal toplayaraq ABŞ, Fransa, Almaniya, Yaponiya və Avstraliya kimi ölkələrin yer aldığı qrupda qərarlaşıb.
Araşdırmada istifadəçilərin internetdən nə dərəcədə sərbəst istifadə edə bildiyi qiymətləndirilib. Bu çərçivədə torrent saytlarına çıxış, böyüklər üçün kontent, siyasi və vətəndaş onlayn ifadə azadlığı, həmçinin VPN xidmətləri kimi meyarlar nəzərdən keçirilib.
Qonşu ölkələrə gəlincə, Ermənistan 56 bal, Azərbaycan isə 36 bal toplayıb.
Hesabatda Rusiya internet azadlığı baxımından autsayderlər sırasında göstərilib. Rusiya Çin, İran və Pakistanla birlikdə cəmi 4 bal toplayıb və yalnız Şimali Koreyanı qabaqlayıb.
Tədqiqat müəlliflərinin bildirdiyinə görə, bu ölkələrdə əsas beynəlxalq platformalar – X, YouTube, TikTok və Facebook ya bloklanıb, ya da ciddi məhdudiyyətlərlə üzləşir. Xüsusilə Rusiyada VPN xidmətlərinin bloklanması ayrıca qeyd olunub.
Türkiyə isə 12 balla aşağı qrupda yer alıb.
Ən yüksək nəticəni – 92 balı Belçika, Danimarka, Finlandiya, İslandiya, Norveç və Yeni Zelandiya kimi ölkələr əldə edib. Bu ölkələrdə sosial media və VPN istifadəsinə, eləcə də siyasi ifadə azadlığına ciddi məhdudiyyətlərin olmadığı vurğulanır.
Qeyd edək ki, hesabat müəllifləri bu reytinqi öz qiymətləndirmələri kimi təqdim edir və onu rəsmi beynəlxalq indeks hesab etmirlər. (BPN)


