Avropaya səyahət qaydaları dəyişdi
Bu gündən etibarən Şengen zonasına daxil olan 29 ölkənin xarici sərhədlərində yeni avtomatlaşdırılmış giriş-çıxış sistemi – EES (Entry/Exit System) tam şəkildə tətbiq olunmağa başlayıb.
InterPress.ge xəbər verir ki, Avropa İttifaqı uzunmüddətli keçid mərhələsini başa vuraraq sərhəd nəzarətində köklü dəyişiklik həyata keçirib.
Yeni sistem ənənəvi pasport möhürlərini rəqəmsal qeydiyyatla əvəz edir və Aİ-yə daxil olmayan ölkələrdən gələn bütün sərnişinlərə – turistlərə, işgüzar səfər edənlərə və tranzit yolçulara şamil olunur.
EES-in tətbiqindən sonra üçüncü ölkələrdən gələn şəxslər Şengen zonasına ilk giriş zamanı biometrik məlumatlarını təqdim etməlidirlər. Bu məlumatlara üz görüntüsü və dörd barmaq izi daxildir. 12 yaşdan kiçik uşaqlar barmaq izi verməkdən azaddır.
Toplanan məlumatlar səyahət sənədlərindəki məlumatlarla birlikdə sistemdə 3 il müddətində saxlanılacaq. Biometrik məlumat verməkdən imtina edən şəxslərin Avropa İttifaqına girişi avtomatik olaraq rədd ediləcək.
Yeni qaydalara əsasən, sərhəddə pasporta möhür vurulmayacaq. Bunun əvəzinə sərnişinlər sənədlərini elektron kiosklarda skan edəcəklər və bütün keçidlər EU-LISA məlumat bazasında qeydiyyata alınacaq.
Prosedur belə həyata keçirilir: sərnişin kioska yaxınlaşır, pasportunu cihazda yerləşdirir və sistem onun əvvəllər qeydiyyatdan keçib-keçmədiyini yoxlayır. Əgər şəxs qeydiyyatda yoxdursa, biometrik məlumatlar təqdim etməlidir. Əgər artıq sistemdə varsa, yalnız üz tanıma kifayət edir. Daha sonra sərnişin əlavə yoxlama və ya qısa müsahibə üçün sərhəd əməkdaşına yönləndirilə bilər.
EES sisteminin ən mühüm yeniliklərindən biri “90/180 gün qaydası”na avtomatik nəzarətin tətbiqidir. Bu qaydaya görə, Şengen zonasında hər 180 gün ərzində maksimum 90 gün qalmaq mümkündür.
Yeni sistem səyahətçinin Aİ-də olduğu hər günü real vaxt rejimində izləyəcək. Qalmaq müddətinin aşılması dərhal qeydə alınacaq və bu, cərimə və ya Şengen ölkələrinə bir neçə il müddətinə giriş qadağası ilə nəticələnə bilər.
EES sistemi hər bir üzv ölkədə fərqli şəkildə tətbiq olunur. Bəzi ölkələrdə bu, yalnız bir hava limanını əhatə edə bilər, digərlərində isə çoxsaylı hava limanları, limanlar və quru sərhədləri bu sistemə daxil edilib.
Məlumata görə, sistemin mərhələli tətbiqi dövründə artıq ciddi nəticələr əldə olunub. Belə ki, 2025-ci ilin oktyabrından etibarən Aİ sərhədlərindən 45 milyondan çox keçid qeydə alınıb. 24 mindən çox şəxsə müxtəlif səbəblərlə giriş rədd edilib, 600-dən çox şəxs isə təhlükəsizlik riski kimi müəyyən olunub.
Qeyd edək ki, bu sistem vasitəsilə sərhəd nəzarəti daha sərt və şəffaf olacaq, eyni zamanda qanunsuz miqrasiya və təhlükəsizlik risklərinin qarşısının alınması məqsədi güdülür.


