Rusiyalı idmançılara beynəlxalq turnirlərdə bayraq və himnlə iştirak icazəsi verilib
Rusiyalı və belaruslu idmançılara su idmanı növləri üzrə beynəlxalq yarışlarda bayraq və himnlə iştirak etməyə icazə verilib.
InterPress.ge xəbər verir ki, bu barədə World Aquatics (Su İdmanı üzrə Beynəlxalq Federasiya) rəsmi məlumat yayıb.
Məlumata görə, qərara əsasən, Rusiya və Belarusun idman vətəndaşlığına malik yetkin idmançılar təşkilatın keçirdiyi turnirlərdə digər ölkələrin nümayəndələri ilə eyni şərtlərlə çıxış edə biləcəklər və milli atributlardan – bayraq və himndən istifadə hüququna sahib olacaqlar.
Qeyd olunur ki, qərar federasiyanın müvafiq strukturları – idmanda ədalətliliyin təmin edilməsi bölməsi və idmançılar komitəsi ilə aparılan məsləhətləşmələrdən sonra qəbul edilib.
Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsi 2022-ci ilin fevralında beynəlxalq federasiyalara rusiyalı idmançıların yarışlardan kənarlaşdırılması ilə bağlı tövsiyə vermişdi. Bu çağırışdan sonra bir çox təşkilatlar məhdudiyyətlər tətbiq etmiş, daha sonra isə Komitə sanksiyaların yumşaldılmasını və idmançıların neytral statusla yarışlara buraxılmasını tövsiyə etmişdi.


