İrakli Zarqua: Bizi tənqid edənlər özləri aksiya iştirakçılarını və jurnalistləri dəyənəklərlə döyürlər
Gürcüstan parlamentinin Diaspor Komitəsinin sədri İrakli Zarqua Danimarkanın paytaxtı Kopenhagendə polisin aksiyanı zorakı üsullarla dağıtmasına münasibət bildirib.
InterPress.ge xəbər verir ki, İrakli Zarqua bu barədə açıqlamasında danışıb. O qeyd edib ki, Gürcüstanın demokratik proseslərini və yanaşmalarını tənqid edən dövlətlərdə aksiya iştirakçılarına və jurnalistlərə qarşı dəyənəklərlə fiziki zor tətbiq olunur.
“Bizim yanaşmalarımızı, demokratik proseslərimizi bəyənmirlər və bu zaman Danimarkadan görüntülər yayılır ki, onların polisi öz əhalisini, yerli sakinləri dəyənəklərlə döyür, jurnalistlərə qarşı da zor tətbiq edir”, – deyə Zarqua bildirib.
Onun sözlərinə görə, belə hadisələrdən sonra həmin dövlətlərin Gürcüstana irad bildirməsi artıq təkcə ikili standart deyil, həm də onların əsl simasının ortaya çıxmasıdır.
“Sonra isə bu dövlətlər bizə nəsihət oxuyurlar. Bu artıq ikili standart da deyil, bütün hədləri aşır və onların ifşasına çevrilir. Gürcü cəmiyyəti çox yaxşı bilir ki, kim düşməndir, kim dostdur, kim bizim səmimi tərəfdaşımızdır, kim isə demokratiya adı altında gizlənən adi zərərvericidir”, – deyə İrakli Zarqua qeyd edib.


