Boris Titov: Ermənistan Rusiya ilə iqtisadi əlaqələri kəssə, onu Azərbaycan məhsulları əvəz edəcək
Rusiya ilə iqtisadi əlaqələrin dayandırılması halında Ermənistanın ciddi iqtisadi çətinliklərlə üzləşə biləcəyi bildirilib.
InterPress.ge xəbər verir ki, bu barədə Rusiya prezidentinin xüsusi nümayəndəsi Boris Titov açıqlama verib.
Titovun sözlərinə görə, belə bir qərarın nəticələri ilk növbədə Ermənistan iqtisadiyyatına təsir göstərəcək və bu, həm enerji, həm də ərzaq bazarlarında özünü göstərə bilər.
O bildirib ki, Ermənistan üçün enerji resurslarının qiyməti Avropa səviyyəsinə yaxınlaşa, daxili bazarda isə ərzaq məhsullarının qiymətləri arta bilər.
“Biz isə Ermənistanda itirdiklərimizi, əlbəttə ki, Azərbaycan vasitəsilə əvəz edəcəyik”, – deyə Titov qeyd edib.
Xatırladaq ki, Rusiya Ermənistanın müəyyən meyvə və tərəvəz məhsullarının idxalına məhdudiyyət tətbiq edib. Eyni zamanda erməni mənşəli güllərin, “Cermuk” mineral suyunun, şərab və konyak məhsullarının da Rusiyaya idxalına məhdudiyyətlər qoyulub.
May ayının sonunda Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) bəyan edib ki, Ermənistanın kənd təsərrüfatı məhsulları son dövrlərdə Rusiya və Avrasiya İqtisadi İttifaqının tələblərinə cavab vermir.


