08 
Iyn
2026
11:08
125

Gürcüstan hüquq və siyasət üzrə qlobal reytinqdə 26-cı olub

Beynəlxalq qiymətləndirmə mərkəzi Chandler İnstitutu 2026-cı il üçün “Yaxşı Hökumət İndeksi” çərçivəsində hüquq və siyasət üzrə qlobal reytinqini açıqlayıb.

InterPress.ge xəbər verir ki, reytinqə əsasən, Gürcüstan 100 ballıq sistem üzrə 68,7 bal toplayaraq dünyada 26-cı yeri tutub, Avropada isə ilk iyirmilikdə 18-ci pillədə qərarlaşıb.

Məlumata görə, Gürcüstan yüksək-orta gəlirli ölkələr arasında hüquq və siyasət göstəricilərinə görə birinci yeri əldə edib.

Hüquq və siyasət sahəsindəki göstəricilərə görə Gürcüstan Avropa İttifaqı və NATO üzvü olan 18 dövləti geridə qoyub. Bu siyahıya İtaliya, Latviya, Portuqaliya, İspaniya, Sloveniya, Kipr, Slovakiya, Bolqarıstan, Malta, Yunanıstan, Polşa, Rumıniya, Xorvatiya, Albaniya, Macarıstan, Şimali Makedoniya, Monteneqro və Türkiyə daxildir.

Reytinqdə hüquq və siyasətin vəziyyəti beş əsas meyar üzrə qiymətləndirilib: qanunun aliliyi, məhkəmə sisteminin keyfiyyəti, idarəetmənin şəffaflığı və dövlət tənzimləmələrinin effektivliyi.

Chandler İnstitutunun açıqlamasında qeyd olunur ki, effektiv və ardıcıl qanunlar, eləcə də dövlət siyasəti yaxşı fəaliyyət göstərən və inkişaf edən dövlət üçün vacib şərtdir.

“Qanunlar sosial və iqtisadi fəaliyyət üçün oyun qaydalarını müəyyən edir. Ardıcıl, prinsipial, əlçatan və şəffaf məhkəmə sistemi investorların və cəmiyyətin etimadını formalaşdırır. Yaxşı hökumətlər balanslaşdırılmış, inklüziv və effektiv siyasət hazırlığı prosesləri ilə seçilir”, – deyə hesabatda bildirilir.

Qeyd olunub ki, hüquq və siyasət göstəricilərinin qiymətləndirilməsi World Justice Project, World Economic Forum, World Bank, Open Budget Partnership və TRACE International tərəfindən aparılan tematik araşdırmalara əsaslanıb.

Bizimlə əlaqə saxlayın