Məktəblərdə yeni dərsliklər mərhələli şəkildə tətbiq olunacaq
Gürcüstan məktəblərində yeni dərsliklərin tətbiqi mərhələli şəkildə həyata keçiriləcək.
InterPress.ge xəbər verir ki, bununla bağlı parlament "Ümumi təhsil haqqında" qanuna dəyişiklikləri sürətləndirilmiş qaydada müzakirə edərək birinci oxunuşda qəbul edib. Qanun layihəsi parlamentə Təhsil, Elm və Gənclər Nazirliyi tərəfindən təqdim olunub.
Qanun layihəsinə əsasən, nazirlik tərəfindən hazırlanmış məktəb dərsliklərinin tədris prosesinə tətbiqi 2026-2027 və 2027-2028-ci tədris illəri ərzində ayrı-ayrı siniflər və fənlər üzrə mərhələli şəkildə həyata keçiriləcək.
Sənədə görə, 2028-ci il sentyabrın 1-dən etibarən ümumtəhsil müəssisələri tədris fəaliyyətini yalnız nazirlik tərəfindən hazırlanmış və ya nazirliklə razılaşdırılmış dərsliklər əsasında həyata keçirməyə borclu olacaqlar.
Məktəb dərsliklərinin hazırlanması və onların tədris prosesinə inteqrasiyası prosesi mərhələli şəkildə aparılacaq və tam şəkildə 2028-2029-cu tədris ilinin başlanmasına qədər başa çatdırılacaq.


