Gürcüstanda kriminal aləmə qarşı genişmiqyaslı əməliyyat: 21 nəfər saxlanıldı
Gürcüstanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə həyata keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində "qanuni oğrular" aləmi ilə əlaqədə olmaqda şübhəli bilinən onlarla şəxs barəsində tədbirlər görülüb. Əməliyyat çərçivəsində 21 nəfər saxlanılıb, daha 9 nəfərə isə ittiham elan edilib.
InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Kriminal Polis Departamentinin direktoru David Kiknadze Daxili İşlər Nazirliyində keçirilən brifinqdə məlumat verib. Onun sözlərinə görə, son 24 saat ərzində Tbilisi, Şida Kartli və Kvemo Kartli bölgələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində məhkəmə qərarı əsasında kriminal aləmlə əlaqəli 21 nəfər saxlanılıb.
David Kiknadze bildirib ki, daha 9 şəxsə qarşı ittiham irəli sürülüb. Onlardan bir qisminə cəzaçəkmə müəssisəsində, digər hissəsinə isə qiyabi qaydada, o cümlədən xaricdə yaşayan kriminal avtoritet Elmuraz Məmmədova qarşı ittiham elan olunub.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxslər maliyyə mübahisələrinin həlli məqsədilə "qanuni oğru söhbətləri" təşkil ediblər. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu proseslərdə xaricdə yaşayan kriminal avtoritet Elmuraz Məmmədov da iştirak edib.
Araşdırma zamanı müəyyən olunub ki, Elmuraz Məmmədov Gürcüstandakı əlaqəli şəxslərlə mütəmadi əlaqə saxlayıb. İddialara görə, həmin şəxslər həm şəxsi maddi maraqları, həm də kriminal avtoritetin maraqları naminə vətəndaşlardan öz bizneslərindən müəyyən müddətlər ərzində böyük məbləğdə vəsait ödəməyi tələb ediblər.
İstintaqın məlumatına əsasən, qoyulan müddətlərə əməl edilmədiyi halda zərərçəkənlər fiziki zorakılıq və ya ölümlə hədələniblər.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən axtarışlar zamanı çoxsaylı maddi sübutlar da götürülüb. Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxslərin mobil telefonlarını, kompüter avadanlıqlarını, həmçinin onların xaricdə yaşayan kriminal avtoritetlə əlaqə saxladıqları texniki vasitələri müsadirə edib.
Bundan əlavə, saxlanılan şəxslərin yaşayış yerlərində aparılan axtarışlar nəticəsində kriminal aləmin ümumi kassası üçün toplandığı ehtimal edilən 62 min ABŞ dollarından artıq vəsait, avtomobillər, döyüş sursatları və odlu silahlar aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 223¹, 223³ və 223⁴-cü maddələri ilə istintaq aparılır. Həmin maddələr üzrə təqsirli bilinən şəxsləri 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
David Kiknadze vurğulayıb ki, Daxili İşlər Nazirliyi mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni aktiv şəkildə davam etdirir və kriminal aləmlə əlaqəli şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri bundan sonra da intensiv şəkildə davam etdiriləcək.


