21 
Iyn
2026
19:56
167

Didube metrosunda faciə: relslərə düşən gənc qadın həyatını itirdi

Tbilisinin Didube metro stansiyasında baş verən faciəli hadisə ölüm ilə nəticələnib. Metro relslərinə düşən sərnişin aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi təsdiqləyib. Qurumdan bildirilib ki, vəfat edən şəxs gənc qadındır.

Hadisədən sonra Tbilisi Nəqliyyat Şirkəti metro hərəkətində məhdudiyyət tətbiq edib. Şirkətin məlumatına görə, Axmeteli stansiyası ilə Vağzal Meydanı (Sadquris Moedani) arasındakı hissədə qatarların hərəkəti dayandırılıb.

Bu səbəbdən metro sərnişinlərə yalnız Vağzal Meydanı ilə Varketili stansiyaları arasındakı marşrut üzrə xidmət göstərib.

Hazırda hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Gənc qadının təsadüfən relslərə düşdüyü, yoxsa başqa səbəbin olduğu araşdırılır.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq başlanılıb. Hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.

Qeyd edək ki, hadisədən sonra Didube metro stansiyasında təhlükəsizlik tədbirləri gücləndirilib və metro hərəkəti mərhələli şəkildə bərpa olunur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər