“Gürcüstan Naminə Qaxaria” partiyası yığım pensiyası ilə bağlı qanuna dəyişiklik təklif edib
“Gürcüstan Naminə Qaxaria” partiyasının parlament qrupu “Yığım Pensiyası haqqında” Gürcüstan Qanununa dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsini parlamentə təqdim edib.
InterPress.ge xəbər verir ki, partiyanın yaydığı məlumata əsasən, qanun layihəsinin müəllifi və təşəbbüskarı parlamentin deputatı Sofio Xorquanidir.
Partiyanın açıqlamasında bildirilir ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, işəgötürən pensiya ödənişlərini vaxtında həyata keçirmədiyi və ya ümumiyyətlə ödəmədiyi halda ona həm inzibati cərimə, həm də əlavə maliyyə sanksiyası – dəbbə pulu (penya) tətbiq olunur.
Qanun layihəsinin müəlliflərinin fikrincə, eyni pozuntuya görə iki ayrı sanksiyanın tətbiq edilməsi ədalətli yanaşma deyil.
“Hazırkı qanunvericilik bir pozuntuya görə iki müstəqil sanksiyanın – cərimə və dəbbə pulunun tətbiqini nəzərdə tutur. Halbuki vergi qanunvericiliyində gəlir vergisinin və digər vergilərin vaxtında ödənilməməsinə görə yalnız dəbbə pulu tətbiq edilir”, – deyə məlumatda qeyd olunur.
InterPress.ge xəbər verir ki, layihə müəllifləri xüsusilə kiçik və orta biznes üçün mövcud cərimələrin ağır maliyyə yükü yaratdığını vurğulayırlar.
Məlumata görə, pensiya fonduna ödənilməli olan məbləğlər əksər hallarda nisbətən kiçik olsa da, qanunla nəzərdə tutulan inzibati cərimə kifayət qədər yüksəkdir. Belə ki, ilk pozuntuya görə 500 lari, təkrar pozuntuya görə isə 1000 lari cərimə tətbiq olunur.
Qanun layihəsinə əsasən, işəgötürən pensiya ödənişlərini müəyyən edilmiş müddətdə həyata keçirmədikdə və ya gecikdirdikdə ona yalnız dəbbə pulu tətbiq ediləcək, inzibati cərimə isə ləğv olunacaq.
Partiyanın fikrincə, dövlət büdcəsinə ödənilən vergilərlə müqayisədə daha kiçik həcmə malik pensiya ödənişlərinə görə daha sərt sanksiyaların tətbiqi məntiqli deyil.
Qeyd olunur ki, 2025-ci il mayın 1-dən qüvvəyə minmiş dəyişikliklərdən sonra pensiya ödənişləri gəlir bəyannamələri əsasında həyata keçirilir. Buna görə də bu sahədə tətbiq olunan sanksiyaların vergi qanunvericiliyindəki yanaşma ilə uyğunlaşdırılması məqsədəuyğun hesab olunur.
InterPress.ge xəbər verir ki, təqdim olunan qanun layihəsinin əsas məqsədi eyni öhdəliyin pozulmasına görə ikiqat cəzalandırma mexanizmini aradan qaldırmaq və işəgötürənlər üçün daha balanslı hüquqi mühit yaratmaqdır.


