23 
Iyn
2026
15:55
70

Gürcüstanda xarici tələbələr üçün yeni qaydalar: Bu hallarda təhsil üzrə yaşayış icazəsi ləğv ediləcək

Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze xarici tələbələrə verilən təhsil üzrə yaşayış icazəsi ilə bağlı nəzərdə tutulan yeni dəyişiklikləri açıqlayıb.

InterPress.ge xəbər verir ki, Aleksandre Daraxvelidze parlamentin plenar iclasında bildirib ki, yeni mexanizmlərin məqsədi təhsil məqsədli yaşayış icazəsindən sui-istifadə hallarının qarşısını almaqdır.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, xarici tələbələr üçün dil biliyinin yoxlanılması üzrə əlavə mexanizm tətbiq ediləcək. Gürcüstan hökuməti beynəlxalq səviyyədə tanınan xarici dil sertifikatlarının siyahısını müəyyən edəcək.

“Hazırda dil biliyini yalnız universitet yoxlayır və bu prosesə kənar nəzarət mexanizmi mövcud deyil. Yeni qaydalara əsasən, hökumət beynəlxalq səviyyədə tanınan xarici dil sertifikatlarının siyahısını müəyyən edəcək. Bundan əlavə, Milli İmtahan Mərkəzi də xarici dil imtahanı təşkil edə biləcək və yalnız dil biliklərini təsdiqlədikdən sonra xarici vətəndaş ali təhsil müəssisəsinə qəbul olunacaq”, – deyə Daraxvelidze bildirib.

Nazir müavininin sözlərinə görə, Miqrasiya Departamenti yeni qanun qüvvəyə mindikdən sonra 100-dən çox reyd keçirib və 10 mindən artıq əcnəbini yoxlayıb. Yoxlamalar zamanı tələbə yaşayış icazəsindən istifadə edən, lakin faktiki olaraq təhsil almayan şəxslər aşkarlanıb.

Daraxvelidze parlament üzvlərinə təklif edib ki, təhsil üzrə yaşayış icazəsinin saxlanılması üçün minimum akademik göstərici də müəyyən edilsin.

“Əgər tələbə bir tədris ili ərzində minimum 20 kredit toplamazsa, yaşayış icazəsini itirəcək. Həmçinin tələbə statusu 90 gün və ya daha uzun müddətə dayandırılarsa, bu da yaşayış icazəsinin ləğvi üçün əsas olacaq. Bundan başqa, əgər şəxs üzrlü səbəb olmadan 183 gündən artıq ölkədən kənarda qalarsa, onun təhsil üzrə yaşayış icazəsi də ləğv ediləcək”, – deyə o qeyd edib.

Daraxvelidzenin sözlərinə görə, nəzarətin gücləndirilməsi məqsədilə vahid elektron məlumat bazası yaradılacaq. Həmin bazada hər bir xarici tələbənin qəbul və təhsil prosesi ilə bağlı məlumatlar əks olunacaq və aidiyyəti qurumlar bu məlumatları izləyə biləcəklər.

Nazir müavini bildirib ki, universitetlər bu tələblərə əməl etmədikləri halda onlar üçün inzibati məsuliyyət nəzərdə tutulur.

Bundan əlavə, qanunvericiliyə əsasən, təhsil üzrə yaşayış icazəsi yalnız yetkinlik yaşına çatmış şəxslərə veriləcək.

“Əvvəllər azyaşlı şəxslər ümumi və ya ali təhsil proqramlarına qəbul olur, daha sonra təhsil üzrə yaşayış icazəsi alaraq ailə birləşməsi əsasında ailə üzvlərini də ölkəyə gətirirdilər. Buna görə də qanunvericilikdə müəyyən olunub ki, təhsil üzrə yaşayış icazəsi yalnız yetkinlik yaşına çatmış şəxslərə veriləcək. Azyaşlılar üçün isə təhsil məqsədilə bir il müddətinə verilən yeni D6 kateqoriyalı viza tətbiq ediləcək”, – deyə Daraxvelidze bildirib.

Onun sözlərinə görə, bundan sonra xarici vətəndaşlar yalnız akkreditasiyadan keçmiş ali və ya peşə təhsili proqramlarına qəbul olunduqları halda təhsil üzrə yaşayış icazəsi əldə edə biləcəklər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər