30 
Iyn
2026
10:22
102

Tbilisi Məhkəməsi surroqat analarla bağlı dələduzluq işində hökm çıxardı

Tbilisi Şəhər Məhkəməsi Prokurorluğun təqdim etdiyi sübutları tam qəbul edərək, vəzifə səlahiyyətlərindən istifadə etməklə, qabaqcadan əlbir olan qrup tərəfindən külli miqdarda vəsaitin mənimsənilməsi faktı üzrə “Kinderly Georgia” MMC-nin təsisçilərini 10 il müddətinə azadlıqdan məhrum edib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb.

Məlumata görə, məhkəmə araşdırması zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxslər Tbilisidə bioloji valideynlərlə surroqat analar arasında vasitəçilik edən “Kinderly Georgia” şirkətini təsis ediblər. Onlar şirkət adından bioloji valideynlərlə müqavilələr bağlayaraq surroqat anaların tapılmasını və ekstrakorporal mayalanma yolu ilə uşağın dünyaya gəlməsini təmin edəcəklərini öhdələrinə götürüblər.

İstintaqla müəyyən edilib ki, bu yolla Çin Xalq Respublikasının vətəndaşlarından külli miqdarda vəsait cəlb olunub. Lakin həmin vəsaitlər surroqat anaların xərclərinin və müqavilə ilə nəzərdə tutulan ödənişlərin qarşılanmasına yönəldilməyib. Əvəzində təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən istifadə edərək, qrup halında həm potensial valideynlərə, həm də surroqat analara məxsus 2 060 006,5 laridən çox vəsaiti mənimsəyiblər.

Tbilisi Şəhər Məhkəməsi təqsirləndirilən şəxsləri, onlardan biri barəsində qiyabi qaydada olmaqla, Gürcüstan Cinayət Məcəlləsinin 182-ci maddəsinin 2-ci hissəsinin “a” və “d” bəndləri, eləcə də 3-cü hissəsinin “b” bəndi (qabaqcadan əlbir olan qrup tərəfindən vəzifə səlahiyyətlərindən istifadə etməklə külli miqdarda vəsaitin mənimsənilməsi) ilə təqsirli bilib və hər birinə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər