İrakli Kobaxidze: Peter Fişer Gürcüstanla Almaniya arasında münasibətlərin inkişafı üçün heç nə etmədi, əksinə, onlara zərər vurmağa çalışdı
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniyanın Gürcüstandakı səfiri Peter Fişerin diplomatik fəaliyyət müddətinin başa çatmasına münasibət bildirib.
InterPress.ge xəbər verir ki, Baş nazir jurnalistlərə açıqlamasında Peter Fişerin Gürcüstan ilə Almaniya arasında münasibətlərin inkişafına töhfə vermədiyini, əksinə, bu əlaqələrə zərər vurmağa çalışdığını iddia edib.
Kobaxidzenin sözlərinə görə, Gürcüstan Almaniyanın illər ərzində ölkəyə göstərdiyi mühüm dəstəyi yüksək qiymətləndirir və iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin bərpa olunmasını istəyir.
“Ənənəvi olaraq Gürcüstan və Almaniya arasında xüsusi münasibətlər formalaşıb. Almaniya, xüsusilə 1990-cı illərin əvvəllərində ölkəmizin inkişafında çox mühüm rol oynayıb. O dövrdə Gürcüstan çox çətin vəziyyətdə idi və Almaniya ölkəmizin yanında idi. Bu münasibətlər uzun illər davam etdi.
Peter Fişer isə yeganə səfir oldu ki, bu münasibətlərin inkişafı üçün heç nə etmədi. Əksinə, Gürcüstanla Almaniya Federativ Respublikası arasında əlaqələrin zədələnməsi üçün əlindən gələni etdi.
Ümid edirik ki, bu vəziyyət dəyişəcək. Bu, ölkəmiz üçün çox vacibdir. Almaniyanın uzun illər ərzində göstərdiyi mühüm dəstəyə görə minnətdarıq və əvvəl öyrəşdiyimiz dostluq münasibətlərinin yenidən bərpa olunmasını çox istəyirik. Təəssüf ki, cənab Fişer bu münasibətlərə ciddi ziyan vurdu. Ümid edirik ki, bütün bunlar dəyişəcək”, – deyə İrakli Kobaxidze bildirib.
Qeyd edək ki, Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer daha əvvəl X sosial şəbəkəsində paylaşım edərək Gürcüstandakı diplomatik fəaliyyət müddətinin başa çatdığını açıqlayıb.
“Gürcüstandakı səlahiyyət müddətimiz başa çatdı. Təşəkkür edirəm, xoşbəxt olun və ‘Auf Wiedersehen’ (yenidən görüşənədək)”, – deyə Peter Fişer yazıb.
O, paylaşımına Tbilisinin Rustaveli prospektində yerləşən 9 Aprel Memorialı önündə çəkilmiş fotosunu əlavə edib və fotonu ingilis musiqiçisi Piter Qabrielin “Won't Stand Down” (“Geri çəkilməyəcəyik”) adlı musiqisi ilə müşayiət edib.


