Gürcüstanda dərsliklər yenilənir
Gürcüstanda ümumi təhsil islahatı çərçivəsində məktəb dərslikləri tamamilə yenilənəcək. Yeni dərsliklərin üz qabıqlarında ölkənin milli dəyərlərini əks etdirən vizuallar yerləşdiriləcək və bu konsepsiya bütün fənlərə şamil olunacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze açıqlama verib.
Nazirin sözlərinə görə, əsas məqsəd milli dəyərlərin tədris prosesinə maksimum səviyyədə inteqrasiyasını təmin etməkdir. O bildirib ki, bu yanaşma ümumi təhsilin milli məqsədlərini əks etdirən yenilənmiş sənəddə də öz əksini tapıb.
“Dərsliklərin islahatı ümumi təhsil islahatının əsas istiqamətlərindən biridir. 2028-ci il sentyabrın 15-dək bütün təhsil pillələri üzrə humanitar və STEM fənləri üçün tamamilə yeni dərsliklər hazırlanacaq.
Qərarımıza əsasən, eyni sinif və eyni fənn üzrə həm dövlət, həm də özəl məktəblərdə vahid dərslikdən istifadə olunacaq.
Son bir neçə ay ərzində bu istiqamətdə intensiv iş aparılır. Prosesə ölkənin müxtəlif bölgələrindən aparıcı mütəxəssislər cəlb olunublar. Nəticədə, yeni tədris ilinin başlanğıcından etibarən I, VII və X sinif şagirdləri artıq yeni dərsliklərlə təhsil alacaqlar.
Ən mühüm yeniliklərdən biri dərsliklərin konsepsiyasının tam dəyişdirilməsidir. Kitabların üz qabıqlarında milli dəyərləri əks etdirən vizuallar yer alacaq. Məsələn, kimya dərsliyinin üz qabığında kimyəvi proseslə əlaqəli olan ənənəvi gürcü üzüm sıxımı prosesi təsvir ediləcək. Arxa üz qabığında isə həmin proses barədə məlumat veriləcək.
Fizika dərsliyinin üz qabığında isə Elquca Medzmariaşvilinin mühüm ixtirası – kosmosa buraxılan ilk gürcü peyki əks olunacaq. Eyni konsepsiya digər dərsliklərdə də tətbiq ediləcək.
Bundan əlavə, dərsliklərə indiyədək istifadə olunmamış 500-dən çox yeni illüstrasiya daxil edilib. Bu illüstrasiyalar Gürcüstanın memarlıq abidələrini əks etdirir. Məqsəd uşaqların ölkənin tarixi və mədəni irsini daha yaxından tanımasını təmin etməkdir”, – deyə Givi Mikanadze bildirib.
Nazir qeyd edib ki, dərsliklərlə bağlı məsələ təhsil sisteminin əsas problemlərindən biri idi və bu səbəbdən nazirlik konkret qərarlar qəbul edib.
“Valideynlərlə keçirdiyimiz görüşlərdə demək olar ki, hamı dərsliklərdən narazılığını bildirirdi. Çünki şagird bir məktəbdən digərinə keçərkən eyni sinif və eyni fənn üzrə tamamilə fərqli dərsliklə qarşılaşırdı. Müxtəlif metodologiyalar uşaqlarda çaşqınlıq yaradır və tədrisin keyfiyyətinə mənfi təsir göstərirdi. Məhz buna görə dərsliklərlə bağlı konkret qərarlar qəbul etdik və inanıram ki, yaxın zamanda bunun müsbət nəticələrini görəcəyik”, – deyə nazir əlavə edib.


