Tbilisidə qətlə yetirilən azərbaycanlı qızın kimliyi məlum olub
Tbilisidə kirayə mənzildə qətlə yetirilən gənc qadının kimliyi məlum olub. Məlumata görə, qətlə yetirilən şəxs 2005-ci il təvəllüdlü Fatimə Kərimovadır.
InterPress.ge xəbər verir ki, "TV Pirveli"nin yaydığı məlumata əsasən, 21 yaşlı gənc qızı əmisi oğlu iki həftə ərzində kirayə mənzildə saxlayaraq döyüb, daha sonra isə boğaraq öldürüb.
Yayılan məlumata görə, milliyyətcə azərbaycanlı olan Fatimə Kərimova sevgilisi ilə birlikdə Gürcüstana gəlib. Lakin cütlüyün pulu qurtardıqdan sonra oğlan onu Tbilisidə tək qoyaraq Azərbaycana qayıdıb.
Hüquq müdafiəçilərinin bildirdiyinə görə, gənc qadına əvvəlcə Gürcüstan vətəndaşı olan bir qadın sığınacaq verib. Bir neçə gün sonra isə əmisi oğlu Gürcüstana gələrək onun üçün mənzil kirayələyəcəyini bildirib. Lakin sonradan məlum olub ki, məqsədi ona kömək etmək deyil, onu öldürmək olub.
Qətlə yetirilən gənc qadının yaxınları sosial şəbəkələrdə yazırlar ki, Fatimə Kərimova valideynlərini itirmişdi və ailədən yalnız 19 yaşlı bacısı sağ qalıb.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı sosial şəbəkədə "Sapari" təşkilatının rəhbəri Baia Pataraia yayıb. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürməni nəzərdə tutan 108-ci maddəsi ilə istintaq aparıldığını açıqlayıb.
Hazırda hadisə ilə bağlı istintaq davam edir.


