Mamuka Mdinaradze: Son iki ayda casusluq ittihamı ilə 6 nəfər məsuliyyətə cəlb olunub
Gürcüstanın Baş nazirinin müavini və hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məsələləri üzrə dövlət naziri Mamuka Mdinaradze bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) son dövrdə həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə mühüm nəticələr əldə edib.
InterPress.ge xəbər verir ki, Mamuka Mdinaradze bu barədə Hökumət Administrasiyasında keçirdiyi brifinqdə danışıb.
Onun sözlərinə görə, təkcə son iki ay ərzində müxtəlif, bir-biri ilə qarşıdurmada olan dövlətlərin xüsusi xidmət orqanlarının xeyrinə casusluqda ittiham olunan 6 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
"Xüsusi xidmət orqanlarının fəaliyyət xüsusiyyətlərini nəzərə alsaq, bu cür qısa müddət ərzində belə cəsarətli qərarların qəbul edilməsi son onilliklərdə dünyanın aparıcı xüsusi xidmət orqanları üçün belə çətin olub", – deyə Mdinaradze bildirib.
O əlavə edib ki, eyni dövrdə terror təşkilatına üzv olmaq ittihamı ilə 3 nəfər də saxlanılıb.
Baş nazirin müavini bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti korrupsiyaya qarşı mübarizə istiqamətində də uğurlu fəaliyyətini davam etdirir.
Mdinaradzenin sözlərinə görə, Gürcüstan tarixində ilk dəfə olaraq Dövlət Təhlükəsizliyi Akademiyasına magistr proqramı həyata keçirmək və təhlükəsizlik üzrə magistr ixtisası vermək səlahiyyəti veriləcək.
O qeyd edib ki, xidmət hər ay onlarla yeni əməkdaş qəbul edir və bununla da qurumun yenilənməsi və kadr islahatları uğurla davam etdirilir.
"Xidmətə daxil olan məlumatların həcmi hər gün dinamik şəkildə artır. Maddi-texniki baza əhəmiyyətli dərəcədə gücləndirilir, xüsusi xidmət orqanı üçün zəruri olan texniki vasitələrin keyfiyyəti isə daim yüksəldilir", – deyə o vurğulayıb.
Mamuka Mdinaradze əlavə edib ki, bəzi məsələləri təhlükəsizlik səbəbindən açıqlaya bilməsə də, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti son dövrdə daha böyük dövlətlərin və zəngin tarixə malik xüsusi xidmət orqanlarının da yüksək qiymətləndirməsini qazanıb.


