Gürcüstan nümayəndə heyəti etiraz əlaməti olaraq ATƏT PA-nın “Haaqa Bəyannaməsi” üzrə səsverməsində iştirak etməyib
Gürcüstan nümayəndə heyəti etiraz əlaməti olaraq ATƏT Parlament Assambleyasının plenar iclasında “Haaqa Bəyannaməsi” üzrə keçirilən səsvermədə iştirakdan imtina edib.
InterPress.ge xəbər verir ki, bu barədə səsvermədən əvvəl Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze bəyanatla çıxış edib.
Samxaradzenin sözlərinə görə, bəyannamənin redaktə olunmuş variantının bəzi hissələri Gürcüstandakı siyasi reallığı qəsdən təhrif edir, faktları saxtalaşdırır, dövlət institutlarına qarşı törədilmiş zorakı hücumları tamamilə görməzlikdən gəlir, həm seçki müşahidə missiyalarının, həm də “Moskva Mexanizmi” hesabatlarını özbaşına şərh edir və bununla da Gürcüstanın milli maraqlarına təhlükə yaradır.
O bildirib ki, məhz buna görə Gürcüstan nümayəndə heyəti etiraz əlaməti olaraq səsvermədə iştirak etməmək qərarına gəlib.
Samxaradze əlavə edib ki, belə bir qərarın məhz beynəlxalq hüququn paytaxtı hesab olunan Haaqada qəbul edilməsinin ikiqat təəssüf doğurduğunu bildirib və Assambleyanın katibliyindən Gürcüstanın mövqeyinin iclasın rəsmi protokolunda əks olunmasını xahiş edib.
O, çıxışının sonunda Niderland parlamentinə qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü ifadə edib.
Qeyd edək ki, Gürcüstan nümayəndə heyəti zalı tərk etdikdən bir neçə dəqiqə sonra ATƏT Parlament Assambleyası “Haaqa Bəyannaməsi”ni qəbul edib. Bəyannaməyə Gürcüstanla bağlı “Gürcüstanda seçkilərin bütövlüyünün və fundamental azadlıqların qorunması” adlı qətnamə də daxildir.
Sənədin əsas müəllifi ABŞ Konqresinin üzvü Co Vilsondur.


