13 
Iyl
2026
13:36
130

İrakli Kobaxidze: Rusiya Gürcüstanın ərazisinin 20 faizində, Kaya Kallas isə 100 faizində ölkənin suverenliyini tanımır

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Gürcüstan hökuməti ilə bağlı açıqlamasını sərt tənqid edib.

InterPress.ge xəbər verir ki, Kobaxidze jurnalistlərin sualını cavablandırarkən bildirib ki, Rusiya Gürcüstanın ərazisinin 20 faizində ölkənin suverenliyini tanımadığı kimi, Kaya Kallas da Gürcüstanın bütün ərazisi üzrə xalqın iradəsini tanımır.

"Biz dəfələrlə demişik ki, Rusiya Federasiyası Gürcüstanın ərazisinin 20 faizində ölkəmizin suverenliyini tanımır. Kaya Kallas isə Gürcüstanın ərazisinin 100 faizində suverenliyimizi tanımır. Bu, tamamilə utancverici və çox ağır münasibətdir. Avropa İttifaqının ali nümayəndəsi gürcü xalqının iradəsini tanımır və ona qarşı çıxırsa, bu, son dərəcə ciddi hadisədir", – deyə Baş nazir bildirib.

Kobaxidzenin sözlərinə görə, Avropa İttifaqı bürokratiyası "absurd vəziyyətə düşüb" və müstəqil qərarlar qəbul etmək iqtidarında deyil.

O qeyd edib ki, Gürcüstan Şərqlə Qərbi birləşdirən əsas nəqliyyat və logistika dəhlizidir və Qara dəniz vasitəsilə yeddi ölkəni Qərb məkanına bağlayır. Buna baxmayaraq, onun sözlərinə görə, bir müddət əvvəl keçirilən regional nazirlər toplantısına Gürcüstan nazir səviyyəsində dəvət edilməyib.

Baş nazir hesab edir ki, bu cür qərarlar Avropa bürokratiyasının öz maraqlarına deyil, xarici təsirlərə uyğun hərəkət etdiyini göstərir.

Kobaxidze çıxışında Avropa İttifaqının iqtisadi göstəricilərinə də toxunaraq bildirib ki, 2008-ci ildə Aİ-nin dünya iqtisadiyyatındakı payı 30 faiz idisə, hazırda bu göstərici 17,5 faizə enib. Onun fikrincə, bu, suveren qərarvermə imkanlarının zəifləməsinin nəticəsidir.

Baş nazir əlavə edib ki, Rusiyanın ucuz enerji resurslarına çıxışın məhdudlaşması və Yaxın Şərqdəki böhran fonunda Gürcüstan Avropa İttifaqı üçün Şərq istiqamətində ticarət və nəqliyyat əlaqələrinin qorunmasında əsas marşrut olaraq qalır.

Xatırladaq ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Aİ xarici işlər nazirlərinin toplantısından əvvəl bildirib ki, "Gürcüstan hökuməti ilə faktiki olaraq əlaqəmiz yoxdur və onu dəstəkləmək istəmirik. Biz gürcü xalqını dəstəkləmək istəyirik."

Onun sözlərinə görə, Avropa İttifaqında gürcü xalqının Avropaya olan ümidini itirməməsi üçün atıla biləcək addımlar müzakirə olunub. Kallas həmçinin qeyd edib ki, Qara dəniz strategiyasının həyata keçirilməsi zamanı region ölkələri mühüm rol oynayır və hazırda bu istiqamətdə Gürcüstanla bağlı müəyyən çətinliklər mövcuddur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər